“Heç nədən qorxmuram, artıq qəbrim də hazırdır”
02.07.2009 - 13:25
“Heç nədən qorxmuram, artıq qəbrim də hazırdır”
Bu ilin martında qeyri-müəyyən müddətə hakimlikdən qovulan Babək Quliyev bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə FİFA referisi üzləşdiyi hadisə ilə bağlı şok açıqlamalar verib.

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan sifariş aldığını bildirən Quliyev bundan imtina etdiyini söyləyib: “Xaqani Məmmədov mənə dedi ki, bu, “Qarabağ”ın son şansıdır, “Bakı” ilə oyunda onlara kömək etməlisən, Ağdam komandası qalib gəlməlidir. Lakin bununla razılaşmadım. Mən cavabımda bildirdim ki, “Bakı”nın prezidenti olan Hafiz Məmmədov Azərbaycan futbolu üçün çox işlər görüb. Onun komandasına qarşı “Qarabağ”la matçda “meymunluq” edə bilmərəm”.

Quliyevin sözlərinə görə, Xaqani Məmmədovdan dərhal sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onu otağına çağırıb: “Musayev soruşdu ki, “hazırsanmı”. Cavabımda dedim ki, hazıram”.

“Bakı” - “Qarabağ” (2:0) matçından 3 gün sonra, yəni martın 10-da Quliyevlə Musayev arasında növbəti görüş keçirilib: “Musayevin mənə dediklərini olduğu kimi sizə çatdırıram: “Sənə kömək edə bilmərəm, sən “vurulmalısan”. Martın 7-dən 8-nə keçən gecə saat 2-də AFFA prezidenti Rövnəq Abdullayev məni otağına çağırdı. Rövnəq müəllim “Bakı” - “Qarabağ” qarşılaşmasının videokasetini qoyub dedi ki, bax gör, sənin hakimlərin nə oyundan çıxır. O, mənə tapşırıq verdi ki, get həm Babək Quliyevi, həm də Anar Niyazovu ver prokurorluğa, basdır türməyə. Mən Rövnəq müəllimə dedim ki, 4 il həbsdə yatmışam, yaxşı olar ki, onları türməyə saldırmayaq”. Ramin Musayev mənə vəziyyəti danışdı və söylədi ki, sən hakimlikdən uzaqlaşdırılmalısan”.

FİFA referisi vurğulayıb ki, “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəlin zənginə cavab verib: “Çəlikəl həyatımda ilk dəfə mənə “Bakı” ilə oyundan sonra zəng vurdu, iradlarını bildirdi. Sən demə, o, Ramin Musayevin otağından danışırmış. Bu danışığın səsyazması yoxdur. Bildiyimə görə, Qurban Qurbanovu “Qarabağ”ın baş məşqçisi postuna Musayev gətirib. Ona görə də, “Qarabağ”a simpatiyası var”.

Quliyev həmçinin vurğulayıb ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ondan rüşvət istəyib: “Mən şəxsi qərəz, ədavət üzündən hakimlikdən uzaqlaşdırılmışam. Peşəkar Futbol Liqası birinci dövrənin ən yaxşı hakimini müəyyənləşdirərkən, Xaqani məndən rüşvət istədi. Dedi ki, 2000 manat ver, Anar Niyazovu yox, səni ən yaxşı hakim seçək. Mən də 1500 manat verib, birinci dövrənin ən yaxşı hakimi oldum. Buna rüşvət deyirsiniz ya yox, özünüz bilərsiniz”.

35 yaşlı referi aclıq aksiyasına başlayacağını da istisna etməyib: “Mənim mətbuat konfransı keçirəcəyimi bilib, 2-3 gündür ki, hədə-qorxu gəlirlər. Hətta maşına nəsə qoyacaqları ilə hədələyirlər. Ancaq heç nədən qorxmuram. 5 il yarım Keşlə qəbiristanlığının müdiri işləmişəm. Orada torpağa tapşırılmış dayımın yanında mənim də qəbrim var. Bir həftə sonra yenidən mətbuat konfransı keçirəcəyəm. Dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayacağam. Əminəm ki, ölkə prezidenti bunları bildikdən sonra haqq-ədalət öz yerini tapacaq. Əgər hadisələr müsbət həllini tapmasa, aclıq aksiyası keçirəcəyəm”.