AFFA prezidenti Rövnəq Abdullayev: İnsan gərək vicdanla danışsın!
03.07.2009 - 10:43
AFFA prezidenti Rövnəq Abdullayev: İnsan gərək vicdanla danışsın!
“Biz Babək Quliyevə çox böyük önəm verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

FİFA hakimi Babək Quliyevin dünən keçirilmiş mətbuat konfransında səsləndirdiyi ittihamlara münasibət bildirən assosiasiya başçısı vicdanlı hərəkət etməyin vacibliyini vurğulayıb: “Bir neçə ay əvvəl onu Premyer Liqanın birinci dövrəsinin ən yaxşı hakimi seçib 10 min manat mükafat vermişik. İnsan gərək düz, vicdanına baxıb danışsın. Onun fikirlərini şərh etmək istəmirəm”.

Abdullayev, həmçinin bildirib ki, növbəti mövsümdə də ədalətli hakimliyin olmasına çalışacaqlar: “Azərbaycanda qərəzli hakimliyin aradan qaldırılmasına nail olmaq istəyirik. Növbəti mövsümdə çalışacağıq ki, bu məsələ birdəfəlik aradan götürülsün. Bunu etməsək, futbolun inkişafından danışa bilmərik”.

Qeyd edək ki, dünən keçirilən mətbuat konfransında Babək Quliyev hakimlikdən uzaqlaşdırılmasına görə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi günahlandırıb. O, cəzalandırılmasına şəxsi qərəz və ədavətin səbəb olduğunu deyib.

Xatırladaq ki, 35 yaşlı Quliyev bu ilin martında qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıb.