Karol Peça: “İnter” klubuna 4 qol da vura bilərdik, amma...
03.07.2009 - 11:17
Karol Peça: “İnter” klubuna 4 qol da vura bilərdik, amma...
“Rəqibi məğlub edə bildik. Meydanın mərkəzində yaxşı oyun nümayiş etdirməyimiz bəhrəsini verdi. İlk hissədə qısa müddətdə iki qol vurmağımız bunun nəticəsidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Slovakiyanın “Spartak” klubunun baş məşqçisi Karol Peça deyib.

Avroliqanın ilk təsnifat mərhələsində Bakının “İnter” klubu ilə görüşən Trnava təmsilçisi öz meydanında 2:1 hesabı ilə qalib gəlib. Peça ilk oyunda qələbəyə nə qədər sevincə də, onu qayğılandıran məqam da var. Rəqib meydanında vurulan qolun mərhələ keçmək baxımından nə qədər əhəmiyyət kəsb etdiyini anlayan “Spartak”ın çalışdırıcısı sona 10 dəqiqə qalmış buraxılan qola təəssüflənir: “Rəqib hesabda geridə olduğundan fasilədən sonra hücum etməli idi. Biz bunu yaxşı bilərək, böyük qüvvə ilə müdafiəyə çəkilmiş və əks-hücumlara ümid edirdik. Bu zaman real qol imkanlarımız olsa da, təəssüf ki, bundan yararlana bilmədik. Kojux rəqib qapısına daha iki qol vura bilərdi. Bunu etsəydi, cütün taleyini həll etmiş olardıq. Əvəzində qapımızda top gördük. Qol buraxmaqdan qaça bilsəydik, hər şey əla olardı. Hər halda, ilk oyunda qələbə qazandığımıza görə razıyıq. Çünki çoxdandır avrokuboklarda uğur qazana bilmirdik”.

Qeyd edək ki, “Spartak” 2006-cı ildə UEFA kubokunun ilk mərhələsində Yevlaxın “Karvan” klubuna 0:1 hesabı ilə uduzub.