Şahin Diniyev: Ötən illə müqayisədə, komandamız inkişaf edib
03.07.2009 - 12:46
Şahin Diniyev: Ötən illə müqayisədə, komandamız inkişaf edib
“Biz çempionatda 12 oyun keçirmişik. Ən böyük uğursuzluqla Moskvada “Lokomotiv”lə görüşdə üzləşmişik. Qalan matçlarda isə yetirmələrim yaxşı təsir bağışlayıblar. İndi 8-ci yerdəyik, amma futbolçularımızın potensialı sayəsində daha yüksək pillələrə qalxmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Terek” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Şahin Diniyev deyib.

Bu ilin yanvarından “Terek”i çalışdıran 43 yaşlı həmyerlimiz komandasında əsas problemin nədən ibarət olduğunu açıqlayıb: “Bizdə hələlik sabitlik, özünəinam hissi çatışmır. Ümidvaram ki, çempionatda yaranmış fasilə və yay təlim-məşq toplanışları bu problemləri həll etməyimizə şərait yaradacaq. Hər oyunda qələbəyə köklənmək, xarakter nümayiş etdirmək və istənilən epizodda mübarizə aparmaq lazımdır”.

Diniyev bildirib ki, ötən ilkinə nisbətən “Terek”in əvəzedici heyəti inkişafa nail olub: “Ötən mövsüm komanda 30 oyunda 5 qələbə qazanıb. Bu il isə 12 matçda artıq 5 dəfə qalib gəlmişik. Fikrimcə, ötən ilki ilə müqayisədə, biz irəliyə doğru addım atmışıq. Təkrar edirəm, potensialımız 8-ci pillədən yuxarı qalxmağımıza imkan verir”.

Baş məşqçi, həmçinin yaradılan şəraitə görə “Terek” rəhbərliyinə də minnətdarlıq edib.