Sxadadze, Çernışov və Azərbaycanın bank komandaları - ARAŞDIRMA
03.07.2009 - 13:41
Sxadadze, Çernışov və Azərbaycanın bank komandaları - ARAŞDIRMA
Bakının “Standard” klubunun yeni baş məşqçisi Andrey Çernışovla sabiq çalışdırıcısı Kaxaber Sxadadzeni birləşdirən yetərincə maraqlı məqamlar var. Apasport.az saytının məlumatına görə, futbolçu karyeraları dövründə müdafiəçi kimi çıxış edən ucaboylu veteranlar eyni zamanda həmyaşıddırlar.

1968-ci il təvəllüdlü olan rusiyalı Çernışovla gürcüstanlı Sxadadze ayın 7-də anadan olublar. Fərq ondadır ki, Andrey yanvarın, Kaxaber isə həmin ilin sentyabrında gəlib. Onlar futbol oynadıqları vaxt komanda yoldaşı olublar və bu, 1992-ci illə bağlıdır.

Çernışovla Sxadadze həmin dövrdə həm Moskvanın “Spartak” klubunda, həm MDB yığma komandasında bir yerdə oynayıblar. Rusiyalı “Spartak”da 1992-1993-cü illərdə çıxış edib və 26 oyunda 3 qol vurub. Sxadadze isə 1992-ci ildə mövsümə “Spartak”da (7 oyun) başlayaraq, sonradan Moskvanın digər təmsilçisi “Dinamo”ya (12 oyun) keçib.

Yeri gəlmişkən, “Standard”ın baş məşqçi postuna namizəd olduğu deyilən 41 yaşlı Vəli Qasımov da Sxadadze kimi, ilk Rusiya çempionatında əvvəl “Spartak”, sonra “Dinamo”nun futbolçusu olub. Çernışov 1993-cü ildə “Dinamo”ya keçsə də, Kaxaber həmin vaxt Almaniyaya “Ayntraxt”, Vəli isə İspaniyaya “Betis” klubuna yollanıb.

Çernışovla Sxadadze 1992-ci ildə MDB yığmasının heyətində Avropa çempionatının final mərhələsinin iştirakçısı olublar. Andrey İsveçdə keçirilən həmin həlledici yarışa MDB altında yollanan, bir il fəaliyyət göstərən milli komandada kapitan sarğısını da daşıyıb. O, həmin yığmada 8 oyun keçirdiyi halda, Kaxaber 6 görüşdə 1 qol vurub. Həmyaşıdların final mərhələsində geydikləri formaların nömrələri də yaxın olub.

Belə ki, Çernışov 2, Sxadadze 3 nömrəni daşıyıb. Hər iki veteran müdafiəçinin yolları “Alaniya” klubunda kəsişə bilərmiş. Ancaq Andrey 1998-ci ildə həmin komandaya gəldiyi zamanı Kaxaber artıq ordan gedərək, “Mançester Siti”yə keçib. Göründüyü kimi, “Standard”ın sabiq və yeni baş məşqçisi bir-birlərini yaxşı tanıyır. Sxadadzenin münasibətləri qaydasında olduğu klub rəhbərliyinə keçmiş komanda yoldaşını Çernışovu məsləhət gördüyü istisna edilmir.

2008-ci ilin 2009-cu ilin qışına kimi “Standard”ın sükanı arxasında olan, könüllü istefa verən Sxadadze ötən Bakının “İnter” klubunun baş məşqçisi təyin edildi. Köhnə tanışlar indi “bank təmsilçiləri”nin çalışdırıcıları kimi ölkəmizdə bir-birinə rəqib olacaqlar.

Qeyd edək ki, Moskvanın “Spartak” klubunun və Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi olan Çernışov 1990-cı ildən beynəlxalq dərəcəli idman ustası dərəcəsini daşıyır. Sxadadze bu dərəcəyə ondan iki il sonra yiyələnib. Andrey futbolçu karyerası boyu vətəni ilə yanaşı, Avstriyada (“Şturm”, “Leoben”, “Bad Blayberq”), Almaniyada (“Qroyter Fyort”), Yunanıstanda (PAOK), Belçikada (“Antverpen”) oynayıb. “Şturm”dan PAOK-a keçən zamanı transfer məsələsi ilə bağlı problemlə üzləşən Andrey orada cəmi bir mövsüm keçirməli olub.

Hərçənd, Yunanıstandan xoşu gələn veteran futbolçu oranın yaxşı qaralmaq və dənizdə çimmək, yəni istirahət məkanı olduğunu bildirib. PAOK-dan sonra Çernışovun transfer məsələləri ilə həyat yoldaşı məşğul olub. “Standard”ın yeni çalışdırıcısı SSRİ yığmasında 17, Rusiya milli komandasında 3 oyun keçirib. Tiflisin “Dinamo”, Belarusun “Vitebsk” klubunu da çalışdıran Çernışovun sonuncu iş yeri Rusiyanın birinci liqası təmsilçisi Bryansk “Dinamo”su olub. O, 2008-ci ildə bu komandanın baş məşqçisi olduqdan sonra işsiz qalıb.