“Ekranas” “Bakı” ilə oyuna Kiprdə hazırlaşacaq
03.07.2009 - 23:01
“Ekranas” “Bakı” ilə oyuna Kiprdə hazırlaşacaq
Çempionlar Liqasında “Bakı”nın rəqibi olan Litvanın “Ekranas” klubunun hazırlıq planında dəyişiklik edilib. Komandanın mətbuat katibi Qyanas Saroçkonun apasport.az saytına verdiyi məlumata görə, həftəsonu çempionatda oyunu təxirə salınıb və bu səbəbdən “Bakı” ilə görüşə qədər rəsmi oyun keçirə bilməyəcəklər: “Məsələ ondadır ki, çempionatda növbəti turda rəqibimiz olan “Vetra” klubu Avroliqada ölkəmizi təmsil edir. Bu komanda dünən Lüksemburq “Qrevenmaher”i səfərdə oyun keçirib və görüş qolsuz heç-heçə ilə nəticələnib. “Vetra” bir həftə sonra evdə cavab görüşü keçirəcək. Buna görə də onların bizimlə oyunu təxirə salındı və həmin görüş başqa vaxtda baş tutacaq. Ancaq tarix hələ dəqiqləşməyib”.

“Ekranas”ın rəsmisi həftəsonu boş oturmayacaqlarını söyləyib. Belə ki, Latviyanın “Yurmala” klubuna yoxlama oyunu keçirmək üçün dəvət göndərən litvalılar buna müsbət cavab alıb. Qyanas hazırlıq planlarına Kiprə səfərin də nəzərdə tutulduğunu qeyd edib: “Komandamız gələn həftənin əvvəlində Kiprə səfər edəcək. Orada qısa müddətli hazırlıq prosesi və yoxlama oyunu keçirilməsi nəzərdə tutulub. Kiprin “Omoniya” klubu ilə görüşün keçirilməsi razılaşdırılıb. Kiprdə üç gün olduqdan sonra geri qayıdıb, “Bakı” ilə ilk oyuna hazırlığı doğma məkanda davam etdirəcəyik”.

Qeyd edək ki, “Ekranas” hazırda Litva çempionatında 3-cü yerdədir.
0