Devid Bekhem öz xanımı üçün ada icarəyə götürdü
03.07.2009 - 18:35
Devid Bekhem öz xanımı üçün ada icarəyə götürdü
İngiltərə milli komandasının futbolçusu Devid Bekhem xoşbəxt ailə həyatının yubileyi münasibətilə xanımı Viktoriyaya orijinal hədiyyə hazırlayıb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, Bekhem həyat yoldaşı ilə birgə Britaniya Virgin adalarının tərkibinə daxil olan Neker adasında romantik tətil keçirmək niyyətindədir.

Viktoriya ilə yalnız ikilikdə olmaq üçün Devid bütün adanı sahibi, britaniyalı milyoner Riçard Brensondan bir neçə günlük icarəyə götürüb. Bekhemlərin adada qalacaqları müddətdə orada xidməti personaldan başqa heç bir kənar şəxs olmayacaq.

Adadakı villada 14 yataq və vanna otağı, 2 hovuz, cakuzi var. Ulduz cütlüyə xadimə, aşpaz və qulluqçu xidmət edəcək. Devid və Viktoriya adada 2-3 gün yaşayacaqlar. Neker adasının bir gecəlik kirayəsi 51 min dollara başa gələcək. Lakin Devid Bekhem Viktoriya ilə ailə qurmasının 10-cu ildönümünə görə, xərcə düşməyə hazırdır. Onlar yubileylərini iyulun 4-də qeyd edəcəklər.