Elxan Məmmədov: Uşaqlar arasında mütəmadi çempionat keçiriləcək
03.07.2009 - 21:51
Elxan Məmmədov: Uşaqlar arasında mütəmadi çempionat keçiriləcək
Bu gün 17 yaşadək futbolçular arasında ölkə çempionatının I və III yer uğrunda oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə İmişli rayonundakı Heydər Əliyev adına stadionda baş tutan həlledici matçda “Neftçi” “İnter”i məğlub edərək (1:0) çempion adını qazanıb. “Xəzər-Lənkəran” isə “Turan”ı üstələyərək (3:1) gümüş mükafatçı olub.

Çempionatla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytına bildirib ki, uşaqlar arasında yarış mütamadi təşkil olunacaq: “Respublikamızda futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, AFFA rəhbərliyi tərəfindən həyata keçirilən kompleks tədbirlərdən biri də uşaqlar arasında müxtəlif turnirlərin və çempionatların təşkil olunmasıdır. İcraiyyə Komitəsinin qərarı ilə ölkəmizdə ilk dəfə olaraq 15 və 17 yaşlı futbolçulardan ibarət komandalar arasında çempionat keçirildi. İstedadlı uşaqların üzə çıxarılaraq, onlara daha yaxşı şəraitin yaradılması və peşəkar futbola cəlb olunması baxımından bu çempionatı yüksək dəyərləndirir və onun mütəmadi keçirilməsini müsbət addım hesab edirik. AFFA prezidenti Rövnəq Abdullayevin qərarı ilə yaradılacaq liqa oktyabrdan başlayaraq, müxtəlif yaş qrupları arasında çempionatlar keçirəcək. May-iyun aylarında başa çatması nəzərdə tutulan çempionat mütəmadi olaraq keçiriləcək və uşaq futbolunun inkişafına dəyərli töhfələrini bəxş edəcək. Qalibləri bir daha təbrik edir və onlara daha böyük uğurlar arzulayıram”.
0