Maykl Ouen rəsmən “Mançester Yunayted”də!
04.07.2009 - 10:37
Maykl Ouen rəsmən “Mançester Yunayted”də!
Tanınmış hücumçu Maykl Ouenin “Mançester Yunayted” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Yeni komandasına sərbəst futbolçu kimi keçən Ouen “Real”a satılan Kriştianu Ronaldonun əvəzini verməlidir.

“Maykl dünya səviyyəli hücumçudur. Yüksək səviyyəli yarışlarda vurduğu çoxsaylı qollarla bunu sübut edib. Onun istedadı heç vaxt şübhə altında olmayıb” – deyə “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson Ouenin keçidinə münasibət bildirərkən bildirib.

Ouen isə keçidi barədə bunları vurğulayıb: “Ferqyusaon zəng edib, məni səhər yeməyinə dəvət etdi. Burada məni komandasında görmək istədiyini dedi. Mən düşünmədən razılıq verdim. Bu, mənim üçün fantastik şansdır. Xoşbəxtlikdən “Mançester Yunayted”in futbolçularının çoxu ilə tanışam. Ötən il mövsüm öncəsi hazırlıq prosesini buraxdım. İndi komandamla ilk gündən məşq edə bilərəm. Ferqyussona mənə inandığı üçün təşəkkür etmək istəyirəm. Onun yaxşılığına vurduğum qollar və oyununla cavab verməyə çalışacağam”.

Qeyd edək ki, Ouen uzun müddət oynadığı “Liverpul” klubunun yetirməsidir. Ən yaxşı dövrünü bu klubda keçirən Maykl “Real”a transfer olunandan sonra kölgədə qaldı.
0