Latviya çempionatının bombardiri “Simurq”la müqavilə bağlayır
04.07.2009 - 12:51
Latviya çempionatının bombardiri “Simurq”la müqavilə bağlayır
Latviya çempionatının bombardiri Girts Karlsons “Simurq”la müqavilə bağlamağa gəlir. Bu haqda apasport.az saytına komandanın prezidenti Zaur Məmmədov məlumat verib. Onun sözlərinə görə, Liyepaya “Metallurq”unda oynayan 28 yaşlı hücumçu bu gün ölkəmizdə olacaq: “O, birbaşa müqavilə bağlamağa gəlir. Tiflisdə təlim-məşq toplanışında komandamızın düşərgəsində oldu və baxışdan uğurla keçərək bəyənildi. Futbolçu ilə müqavilənin müddəti və bu kimi digər məsələlər müzakirə olunacaq. Bundan sonra Girts anlaşmaya qol çəkəcək”.

Bununla belə, Girts yeni komandasına “Bney Yehuda” ilə iyulun 9-da Təl-Əvivdə keçiriləcək cavab görüşündə kömək edə bilməyəcək. Çünki Avroliqanın ilk təsnifat mərhələsi oyunlarına sifariş olunmayıb. Məmmədov Karlsonsun transferinin həmin vaxt baş tutmaması, adının iştirak ərizəsində yer almamağına belə izah verib: “Çünki onun son klubu ilə müqaviləsi vardı. Futbolçunun müqaviləsinin müddəti artıq başa çatıb və sərbəst futbolçudur. İndi biz onu transfer edirik və ikinci mərhələyə keçsək, Avroliqa oyunları üçün sifariş edə biləcəyik”.

Karyerasının çox hissəsini “Metallurq”da keçirən (176 oyun, 81 qol) Girts vətəndən kənarda Latviyada “Venta” (6 oyun), Rusiyada “Şinnik” (8 oyun) və Hollandiyada “De Graafschap”(5 oyun) klubunda oynayıb. Karlsonsun yollarını ayırdığı “Metallurq” hazırda 42 xalla çempionatın vahid lideridir, futbolçu isə cari mövsümdə vurduğu 15 qolla bombardirlər yarışına başçılıq edir. Son turda “Olimp”i səfərdə böyük hesabla məğlub etdikləri (1:5) oyunda 1,91 m boya malik hücumçu dubl edib. Karlsons 2003-cü ildən çıxış etdiyi Latviya milli komandasında 31 oyunda 8 qol vurub.
0