Zaur Ramazanovun əsəb problemi yaranıb
04.07.2009 - 14:01
Zaur Ramazanovun əsəb problemi yaranıb
Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Komandanınızın Avroliqada oyununa iki həftədən az vaxt qalsa da, hələ də düşərgədə deyilsiniz. Halbuki, bu həftə komandanızın Türkiyədəki təlim-məşq toplanışına yollanacağınızı demişdiniz...
- Özümü hələ də yaxşı hiss etmirəm, halım yoxdur. Belə vəziyyətdə Türkiyəyə gedə bilmərəm.

- Əvvəlcə qızılcaya tutulduğunuzu, bədəninizdə çoxlu səpkilərinin olduğunu deyirdiniz. İndi problem nədir?
- Əsəblərimdə problem yaranıb. Əslində, elə qızılca da əsəbin əlamətidir.

- Cəmi 33 yaşınız var, əsəblərinizin yerində olmamağı nə ilə bağlıdır?
- Futbolla bağlıdır, futbolda belə şeylər olur.

- Bəs həkimlər nə deyir?
- Müalicəmi davam etdirirəm. Hələ 15-20 gün də müalicə olunmalıyam.

- Deməli, “Qarabağ”a Avroliqada Norveçin “Rusenborq” klubu ilə oyunlarda kömək edə bilməyəcəksiniz...
- Səfərdə keçiriləcək ilk oyunda iştirak edə bilməyəcəyəm. Ola bilsin ki, cavab görüşünə qədər sağaldım, məşqlərə qatıldım. Ancaq tam hazır olmaya bilərəm. Həm də Bakıdakı oyunda meydana çıxmağım üçün gərək adım UEFA-ya göndəriləcək iştirak ərizəsində olsun.

- Sizcə, indiki vəziyyətdə Avroliqanın ikinci təsnifat mərhələsi üçün sifariş olunacaqsınız?
- Bu, artıq baş məşqçi Qurban Qurbanovdan asılıdır. Ancaq oynaya bilmirəmsə, adımın iştirak ərizəsində yer almasını məqsədəuyğun saymıram. Bundansa, qoy başqa futbolçunu yerimə sifariş etsinlər və o da komandaya kömək etsin.

- “Qarabağ”la iki illik müqavilənizin olduğunu dəfələrlə demisiniz. Bəs son günlərdə transferə çıxarılmağınızla bağlı söhbət olmayıb?
- Yox. Bir daha deyirəm ki, müqavilə ilə “Qarabağ”ın futbolçusuyam və komandanın üzvü olaraq qalıram. Başqa variantlar da yoxdur. Sadəcə, sağlıq durumumdakı problemlərə görə ayrı düşmüşəm, məşqlərə qatıla, komandaya kömək edə bilmirəm. Məgər xəstələnə bilmərəm? Təbii ki, belə olmasını istəməzdim. Kim bunu istəyər ki? Ancaq heç kim bundan sığortalanmayıb. Hamı kimi mənim də sağlıq durumumda problem yarana bilər.

- Ancaq bütün bunlar istər-istəməz müxtəlif söz-söhbətlərə səbəb olur. Səhv etmiriksə, karyeranız ərzində heç vaxt cərrahiyyə əməliyyatına məruz qalmamısınız...
- Doğrudan da əməliyyat olunmamışam, heç ciddi zədə almamışam. Mənim nə vaxtsa ciddi zədəli olduğumu görmüsünüz? Belə şey həyatımda ilk dəfədir baş verib. Tezliklə sağalıb, yaşıl meydana qayıtmaq istəyirəm.

- Baş məşqçi sizinlə əlaqə saxlayırmı?
- Demək olar hər gün danışırıq. Qurbanov vəziyyətimlə mütəmadi maraqlanır, gəlməyimi istədi. Rəhbərlik də Türkiyəyə səfərimi təşkil etməyə hazırdır. Ancaq sağlığımdakı problemlər buna imkan vermədiyi üçün müsbət cavab verə bilmərəm.
0