Zaur Məmmədov: Bəli, Qriqol Dolidze komandadan uzaqlaşdırılıb!
06.07.2009 - 13:06
Zaur Məmmədov: Bəli, Qriqol Dolidze komandadan uzaqlaşdırılıb!
“Bəli, Qriqol Dolidze komandadan uzaqlaşdırılıb. Bunun da yeganə səbəbi zədə ilə bağlıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

O, bildirib ki, gürcüstanlı futbolçu İsrailin “Bney Yehuda” klubu ilə cavab görüşü öncəsi komandadan xaric edilib: “Baş məşqçimiz Roman Pokora israillilərlə Bakıdakı matçın sonuna yaxın Roman Axalkatsinin yerinə meydana Dolidzeni buraxdı. Ona böyük ümidlər bəsləyirdik. Ancaq oyuna nəzər yetirəndə gördüm ki, çox texnikalı futbolçu olan Qriqol nəsə qorxur, tam ayağını açmır, bir növ özünü qoruyur”.

Məmmədov deyib ki, Dolidze müayinədən keçirilib və məlum olub ki, onun xaçabənzər bağlarında çox ciddi problem var: “Hətta əzələsi qırıla da bilərdi. Onun tam sağalmasına isə 6 ay – 1 il aralığında vaxt gedəcək. Bütün bunları nəzərə alaraq, onsuz da müqaviləsi bitən Qriqolu yola saldıq”.

Klub rəhbəri müqaviləsi bitmək üzrə olan digər legioner – ukraynalı hücumçu Vladimir Mazyarın da məsələsinə aydınlıq gətirib. Onun fikrincə, hazırda düşərgədə olan futbolçunun komandadan uzaqlaşdırılması istisna deyil: “Onun zədəsi olduğu üçün “Bney Yehuda” ilə görüşdə meydana buraxmağa risk etmədik. Həm Vladimir, həm də zədə ilə bağlı problemi olan digər əcnəbi hücumçu – moldovalı Aleksandr Popoviç sağalıb və onları İsrailə aparacağıq. “Bney Yehuda”ya ilk görüşdə uduzsaq da, səfərdə bunun əvəzini çıxıb, mərhələ keçməliyik. Bu mənada bütün futbolçular kimi, Mazyara böyük ümidlər bəsləyirik. Həmin görüşdə istənilən oyun göstərməsə, onunla da vidalaşmağımız mümkündür. İsraildəki görüş bir çox futbolçularımızın taleyinə aydınlıq gətirəcək. Çünki avrokuboklarda lazımı oyun göstərməyənləri saxlamaq fikrində deyilik”.
0