Görüş yerini dəyişmək olmaz!
06.07.2009 - 13:18
Görüş yerini dəyişmək olmaz!
Azərbaycanı avrokuboklarda təmsil edən klubların ev oyunlarının başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Bakı” Litvanın “Ekranas” klubu ilə iyulun 21-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşünə saat 20:00-da çıxacaq.

Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq Ağdamın “Qarabağ” klubu “Rusenborq” (Norveç) – “NSİ Runavik” (Farer adaları) cütünün qalibi ilə görüşəcək. İyulun 23-də Respublika stadionunda keçiriləcək həmin cavab görüşü də eyni vaxtda başlayacaq.

Avroliqada mübarizəni ilkin təsnifat mərhələsində davam etdirən Bakının “İnter” və Zaqatalanın “Simurq” klubunun rəqiblərini yenərsə, evdə nə vaxt meydana çıxacaqları da məlumdur. “İnter” Slovakiyanın “Spartak” klubunu mübarizədən kənarlaşdırarsa, ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Sarayevo” komandası ilə görüşəcək. İlk oyunu evdə keçirəcək bakılılar iyulun 16-da saat 19:00-da Respublika stadionunda meydana çıxacaq. “Simurq” isə İsrailin “Bney Yehuda” klubunu keçərsə, “Dinaburq” (Latviya) - “Nomme Kalyu” (Estoniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

Zaqatalalılar da ilk görüşü evdə keçirsələr də, “İnter”lə oyunu üstə-üstə düşməyəcək. Belə ki, “Simurq”un ikinci mərhələdə Respublika stadionundakı ev oyunu iyulun 14-də saat 20:00-da nəzərdə tutulub.
0