Latviyalı bombardirə Bakıda qapını göstərdilər
06.07.2009 - 13:51
Latviyalı bombardirə Bakıda qapını göstərdilər
Latviya çempionatının bombardiri Girts Karlsons Zaqatalanın “Simurq” klubu ilə danışıqlar aparmaq üçün Bakıya gəlib. Bu haqda apasport.az saytına komandanın prezidenti Zaur Məmmədov məlumat verib. Onun sözlərinə görə, Liyepaya “Metallurq”undan gələn 28 yaşlı latviyalı hücumçu təklif edilən müqaviləyə qol çəkməkdə tərəddüd edir.

Belə ki, Karlsonsu Tiflisdəki təlim-məşq toplanışında bəyənən “Simurq” rəhbərliyi onunla ortaq məxrəcə gələ bilmir. Daha doğrusu, rəhbərlik razılıq versə də, futbolçu tərslik edir: “Karlsons çətin adamdır, çox şıltaqlıq edir. Mən hələ belə futbolçu görməmişəm. Onunla bir illik müqavilə bağlamaq istəyirik. Ancaq Girts təkcə anlaşmanın maddi yox, digər şərtləri ilə bağlı naz edir. Bir sözlə, nə deyir, onu da edirik. Ancaq iki gündür müqaviləyə imza atmır. Bizdə elə futbolçu olmayıb ki, müqavilənin şərtləri ilə tanış olandan sonra düşünmək üçün vaxt istəsin. Ancaq Karlsons iki gündür qəti qərara gəlmir”.

Məmmədov latviyalı futbolçu ilə ciddi söhbət etdiyini bildirib: “Karlsons fikirləşmək üçün daha bir gün vaxt istədi. Yəni, bu gün axşama kimi cavab deyəcəyini bildirib. Ona qapını göstərdim və daha danışıqlar aparmayacağımı söylədim. Dedim ki, şərtlər səni qane edərsə, müqavilə ofisdədir, gəlib qol çəkərsən. Əks təqdirdə, sənə yaxşı yol. Bilirsiniz, bizə hücumçu lazımdır, Karlsonsu da bəyənmişik. Təcrübəli futbolçudur, Latviya çempionatının bombardiridir, milli komandasında çoxlu oyun keçirib”.
0