Rəşad Sadıqovdan başqa, hamını Dənizliyə apardılar
06.07.2009 - 15:20
Rəşad Sadıqovdan başqa, hamını Dənizliyə apardılar
Türkiyənin Superliqasında mübarizə aparan “Dənizlispor” klubu “Kocaelispor”un daha bir futbolçusunu transfer edib. Apasport.az saytının məlumatına görə, Dənizli təmsilçisinin yeni baş məşqçisi Erhan Altın yarımmüdafiəçi Adəm Çalıkın ardınca, “Kocaelispor”da rəhbərliyi altında oynadığı təcrübəli hücumçu Murad Hacıoğlunu da heyətə cəlb edib.

İzmit klubunda futbolçularımız Rəşad Sadıqov və Ramal Hüseynovla birgə yarım il oynamış Hacıoğlu “Dənizlispor”a iki illik müqavilə imzalayıb: “Bura gəldiyimə görə xoşbəxtəm. “Dənizlispor”u ötən mövsüm yaşadığı sıxıntılardan uzaq bir yerə gətirməyə çalışacağıq. Mənə güvənənləri peşman etməyəcəyəm”. Futbolçu müqavilə imzalanması mərasimindən sonra yeni komandasının təlim-məşq toplanışına qatılıb.

Xatırladaq ki, Altın apasport.az saytına verdiyi eksklüziv müsahibəsində “Kocaelispor”un 4 futbolçusu - Murat Hacıoğlu, Adəm Çakır, Rəşad Sadıqov və afrikalı Mazuva Nsumbunun transferi ilə bağlı rəhbərliyə müraciət etdiyini bildirmişdi. Mazuvanın başqa klubla anlaşdığını nəzərə alsaq, Altının son olaraq Sadıqovu yanına gətirəcəyi qalıb. Hər halda, Hacıoğlu ilə müqavilə mərasimində iştirak edən “Dənizlispor”un İdarə Heyətinin üzvü Əli Alaybəyoğlu bir əcnəbi mərkəz müdafiəçisi və yerli oyunçu transfer edəcəklərini də söyləyib. Milli komandamızın 27 yaşlı kapitanı Rəşadın məhz mərkəz müdafiəçisi mövqeyində çıxış etdiyini və Altının transfer siyasətini nəzərə alsaq, “Dənizlsipor”da ilk dəfə azərbaycanlı futbolçunun oynayacağı real görünür.