Naci Şensoy yığmamızda işləyə bilməməsinin səbəbini açıqladı
06.07.2009 - 15:46
Naci Şensoy yığmamızda işləyə bilməməsinin səbəbini açıqladı
“Təəssüf ki, Türkiyədə məni qəbul etmirlər. “Fənərbaxça”da Veselinoviç və Rıdvan Dilmənin köməkçisi işləmişəm, “Altay”da Yesiçlə birgə çalışmışam. Üstəlik, Azərbaycan milli komandasının baş məşqçiliyinə namizəd idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın türkiyəli sabiq baş məşqçisi Naci Şensoy deyib.

Türkiyə mətbuatına müsahibə verən 51 yaşlı çalışdırıcı milli komandamızda işləyə bilməməsinin səbəbini açıqlayıb: “Məni dəstəkləyən federasiya prezidenti (AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev nəzərdə tutulur - red.) ağır xəstəlik ucbatından vəfat etdiyinə görə yığmada işləmək variantı gerçəkləşmədi. Hər şey qismətdən asılıdır. “Turan”la Azərbaycanda çempionluğa oynamaq da böyük uğur idi. Lazımlı şəxs olmaq sevindiricidir”.

Şensoy hazırda Bolqarıstanın “Pirin” klubuna rəhbərlik edir. Türkiyə mətbuatı onun öz vətənindən daha çox Azərbaycan və Bolqarıstanda sevildiyini yazıb: “Az büdcəsi olan “Pirin”i Bolqarıstan kubokunun finalına daşıyan çalışdırıcı Azərbaycan komandalarının da diqqət mərkəzindədir”.
0