“Hacı yığmamızda 1 milyon avroya işləyər”
06.07.2009 - 23:00
“Hacı yığmamızda 1 milyon avroya işləyər”
“Neftçi” klubunun italiyalı məşqçisi Covanni Melkiorrenin apasport.az saytına müsahibəsi

- Sizi "Neftçi"yə kim dəvət etdi?
- Tanış menecerlərdən biri. Bundan sonra komandanın vitse-prezidenti İlqar Quluzadə ilə danışdım. Bir-iki dəfə görüşdük. Mənə nə istədiyini başa saldı. Quluzadə "Neftçi" barədə məlumat verincə, gözümün önündə əsl xalq komandası canlandı. Deməli, Azərbaycanın ən köklü və tanınmış klubuna gəlmişəm.

- Azərbaycandan təklif gəldiyini eşidəndə, təəccüblənmədiniz?
- Gəlməzdən öncə ölkəniz haqda müəyyən bilgim vardı. Amma o qədər də yox. Futbolda işlərin necə getməsindən, "Neftçi"nin mövqeyindən xəbərsiz idim. Bildiyim o idi ki, Azərbaycan Türkiyənin qonşuluğunda yerləşir və sakit, imkanlı ölkədir.

- "Neftçi" ötən mövsüm çempionatı 8-ci pillədə başa vurub. Bu, komandanın tarixində ən uğursuz göstəricilərdən biridir...
- Bakıya gələndən sonra mövsümün yekunları ilə tanış olmuşam. "Neftçi" kimi böyük keçmişi olan klub daha yüksək yerlərdə qərarlaşmalıdır.

- Bu günlərdə futbolçuları ardıcıl testdən keçirdiniz. Nəticələr gözlədiyiniz kimi oldu?
- Mən daha yaxşı nəticələr gözləyirdim. Heç bir futbolçunun fiziki hazırlığı istədiyim səviyyədə deyil. Təəssüf hissi ilə də olsa, bunu deməliyəm. Test göstərdi ki, fiziki planda çatışmazlıqlar çoxdur.

- Fərqləndirə biləcəyiniz futbolçu olmadı?
- Xeyr. Futbolçuları yalnız qruplara bölmək olar. Bəzilərinin hazırlığı normaya bir az yaxındır, bəzilərinin pisdir, bəzilərinin də lap pis. Artıq çəki problemi var.

- Bu çatışmazlıqları aradan qaldırmaq üçün sizə ay yarım vaxt kifayət edəcək?
- Çalışacağıq. Bildiyimə görə, növbəti çempionat avqustun ortalarında başlayacaq. Qalan vaxt hazırlıq üçün nə çoxdur, nə də az. Türkiyədə iki dəfə toplanışda olacağıq. Üst-üstə bir ay ərzində fiziki hazırlıq üzərində işləməliyik. Məşqlərdə gördüm, texnikalı futbolçular çoxdur. Onları fiziki cəhətdən də düzəltsək, daha yaxşı komanda yaranar. Baş məşqçi Böyükağa Ağayevlə bu barədə söhbətim olub. O da mən işlədiyim sahəyə xüsusi önəm verir.

- Maddi şərtlər klubda normal çalışmağınız üçün yetərlidir?
- Bir illik müqavilə bağlamışam. İşə başlamışamsa, yəqin ki, klub rəhbərliyi ilə ortaq məxrəcə gəlmişəm. Sonra nə olacaq, bilmirəm. İşim ürəklərincə olarsa, başqa yerə getmərəm.

- Georgi Hacının köməkçisi olmusunuz. Nə əcəb sərbəst işləməyə razılaşdınız?
- Hacı ilə Türkiyədə "Bursaspor" və "Qalatasaray"ı çalışdırdıq. Buxarest "Styaua"sına da birgə getdik. Hacı indi işsizdir. Ömrünün axırınadək işləməsə, puldan problemi olmaz. Hacı həmişə yaxşı pullar qazanıb, heç nəyə ehtiyacı yoxdur. Futbola qazanc yeri kimi baxmır. Futbolu sevdiyi, bir də özünü məşqçi kimi sübut etmək üçün bu sahədən getmir. Mənim isə çörəyim ancaq futboldan çıxır. Axı nə qədər işsiz qala bilərdim? Bəzi Asiya ölkələrindən dəvətlər gəlsə də, Avropa ölkəsi olduğu üçün Azərbaycanı seçdim.

- Hacının bundan xəbəri oldu?
- Sözsüz. "Neftçi" ilə ilkin söhbətim olandan sonra onunla əlaqə saxladım. Dedim, Azərbaycana getmək istəyirəm. Razılaşdı. Hacı ilə yenidən bir yerdə işləmək istərdim.

- Hacı Azərbaycana gələr?
- Klublara yəqin ki gəlməz. O, Avropanın böyük klublarında çalışmaq istəyir. Dahi futbolçu olub. Vaxtilə qazandığı nüfuz onun üçün hər şeyə dəyər. Hacının imici var, riskə getməz. Ərəb ölkələrindən, Azərbaycan kimi futbolu elə də tanınmayan dövlətlərdən mütəmadi təkliflər alır. Amma imicinə xələl gəlməməsi üçün hamısını rədd edir. Azərbaycana gələsi olsa, ancaq millidə işləyər. İndi kimdir sizdə baş məşqçi?

- Berti Foqts.
- Almaniyalı?

- Bəli.
- Heçə vaxtdır burdadır?

- Ötən ilin aprelindən.
- Müqaviləsi nə vaxt bitir?

- Bu ilin sonunda.
- Doğrudan? Bir milyon avrodan çox təklif olunsa, Hacı yığma komandada işləyər. Mən də millidə işləmək istərdim.

- Azərbaycan yığmasında?
- Bəli. Baxaq, görək necə olur. Ürəklə işləyərəm. İyirmi ildən artıq fiziki hazırlıq üzrə mütəxəssisəm. Türkiyə və Rumıniyanın ən səviyyəli klublarında işləmişəm. İtaliyada "Foca", "Kyevo" və başqa komandalarda çalışmışam. UEFA və İtaliya Futbol Federasiyası tərəfindən verilən lisenziyalarım var. Əgər sizin federasiyadan mənə milli komandada işləmək təklif olunsa, həm ora kömək edərəm, həm də "Neftçi"yə. Klubdan mənə deyiblər ki, belə olsa, razılaşarıq.

- Yayılan xəbərlərə görə, bir müddət əvvəl baş məşqçi axtaran "İnter" Hacı ilə maraqlanıb. Bundan məlumatınız var?
- "İnter"? Hansı "İnter"?

- Bakı komandasıdır. Bu mövsüm Premyer Liqada ikinci yeri tutdu.
- Dəvət olsa belə, Hacı gəlməz.

- Hacı böyük futbolçu olsa da, məşqçi kimi özünü doğrulda bilmir. İşlədiyi klubların heç birində yaxşı nəticə qazanmayıb.
- Sizinlə razıyam. Onun xarakteri bir qədər fərqlidir. "Bursaspor"da rəhbərlik üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Ordan gedəndə komanda Superliqada 11-ci yerdəydi. Bizdən sonra neçə məşqçi dəyişdilər, amma "Bursa"nı Superliqada saxlaya bilmədilər. "Qalatasaray"da isə rəhbərlik bir nəfər də transfer etmədi. Söz verdikləri oyunçuların heç birini almadılar. Yalnız üç sərbəst qalan futbolçuyla anlaşdılar. Komanda Hacının deyildi, o istədiyini gətirmədilər. "Qalatasaray" Hacının vaxtında böyük oyunların heç birini uduzmadı. Kubokun finalında "Fənərbaxça"nı 5:1 hesabı ilə uddu. Superliqada ikinci yerdə gedirdik, "Trabzonspor"la xallarımız eyni idi. Sonra 1-2 oyun uduzduq, Hacı öz ayrıldı. Ona bir qəpik verməyən "Qalatasaray" bu mövsüm transferlərə 40 milyon avro xərclədi, lakin ilk "üçlüy"ə düşə bilmədi. Beşinci yer bu komanda üçün böyük uğursuzluqdur. "Styaua"da isə prezidentlə yola getmədik. Bilərsiz, Bekalı klubun şefidir. Əməlli-başlı dəlidir. Komandanı necə istəyir, elə də idarə edir. Məşqçiləri barmağına dolayır, saymır. Tribunada oturub Hacıya telefonla göstəriş verirdi ki, filan oyunçunu çıxart, filan oyunçunu meydana burax. Hacı Bekalinin bu hərəkətlərini götürmədi. Rumıniyada işləmək çox çətindir. Əksər klub prezidentləri Bekali kimi dəlidir.

- Sizin vaxtınızda "Qalatasaray"da oynayan Suat Usta indi "Neftçi"dədir...
- Dedilər. Biz gələndən 3-4 ay sonra Suat "Qalatasaray"dan getdi. Burda başqa türkiyəli oyunçular var?

- Ali Cansun da "Neftçi"də oynayır. "Xəzər-Lənkəran"da isə Fatih Sonkaya və Əhməd Dursun çıxış edib.
- Cansunu dəqiq yadıma sala bilmirəm. Əhmədi isə xatırlayıram. Əla texnikası və sürəti olan hücumçudur. Fatih də, səhv eləmirəmsə, "Beşiktaş"da oynayıb.

- Elədir.
- Bütün klubların şəraiti "Neftçi"dəki kimidir?

- "Xəzər-Lənkəran" və "İnter"in də şəraiti yaxşıdır.
- Bəs ən çox azarkeş haradadır?

- "Neftçi" ən köklü klub olsa da, son illərdəki uğursuz çıxışa görə azarkeşlər komandadan üz döndərib. Stadiona heç 1000 adam gəlmir. Lənkəranda isə oyunlarda stadion dolu olur.
- Azarkeşsiz futbolun ləzzəti yoxdur. Bir çox ölkədə oldum, ən böyük azarkeş Türkiyədədir. Onların səsi indi də qulaqlarımdadır.

- İşlədiyiniz klublar içərisində hansını böyük görürsünüz?
- Heç şübhəsiz, "Qalatasaray"ı! Hacının işi alınmasa da, mən orda yaxşı dostlar qazandım. İndi də bir çox rəsmilərlə isti münasibətlərim var. "Qalatasaray" mənim üçün şərəfli dönəmdir. İndi hamı Arda Turandan danışır. Onu mən üzə çıxartdım. Mülayim, Aydın və Uğurcanı biz əsas komandaya gətirdik. Ümit Karan, Hasan Şaş, Hakan Şükürü olan yaxşı kollektiv yaratdıq. İmkan olar, "Neftçi"də də bunu etməyə hazıram.
0