Federasiya prezidenti milli komandanın baş məşqçisi oldu
08.07.2009 - 10:45
Federasiya prezidenti milli komandanın baş məşqçisi oldu
Dünya futbolunda nadir hallarda müşahidə olunan olay Çexiyada baş verib. Apasport.az saytının məlumatına görə, ölkənin futbol qurumunun prezidenti İvan Qaşek milli komandanın sükanı arxasına keçib. O, 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarının sonuna qədər yığmanın baş məşqçi vəzifəsini icra edəcək.

Qaşekin təyinatı Çexiyanın Futbol Assosiasiyasının (ÇFA) İcraiyyə Komitəsinin iclasında təsdiqlənib: “Qeyri-adi vəziyyət qeyri-standard qərarlar tələb edir. Bu, qeyri-standard təyinatdır və mən məsuliyyəti öz üzərimə götürürəm”. ÇFA iyunun 30-da müqaviləsi bitən müvəqqəti baş məşqçi Frantişek Straka ilə müqaviləni uzatmamağı qərara alıb. Vakant posta əsas namizəd Praqanın “Spartak” klubunun baş məşqçisi Karel Yarolim idi. Ancaq o, ÇFA-nın aldığı təklifdən imtina edib.

Qeyd edək ki, yığmada 56 oyun keçirən Qaşek futbolçu karyerasını 1998-ci ildə bitirib. 1999-cu ildən məşqçiliyə başlayan Qaşeki ötən ay ÇFA-nın prezidenti seçilib.