Çempionlar Liqasında 17 yaşlı azərbaycanlı futbolçu
08.07.2009 - 23:07
Çempionlar Liqasında 17 yaşlı azərbaycanlı futbolçu
“Bakı” klubu 17 yaşlı futbolçusu Rəhman Hacıyevi Çempionlar Liqasında (ÇL) iştirak ərizəsinə daxil edəcək. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Qyoko Hacıyevski məlumat verib.

Qaydaya görə, avrokuboklara yüksələn klublar UEFA-ya iştirak ərizələrini iki hissəyə bölərək, A və B siyahısını göndərirlər. A əsas futbolçuların yer aldığı siyahı sayılırsa, B-də isə yaşı 21-i ötməyən ən azı üç futbolçunun göstərilməsi zəruridir. “Bakı”da belə futbolçular qapıçı Aqil Məmmədov, hücumçu Bəxtiyar Soltanov və yarımmüdafiəçi Rəhman Hacıyevdir: “Hər üç futbolçunun adının B-də olması nəzərdə tutulub. Rəhman çempionluq qazandığımız son turda “Muğan”la görüşdə sonradan meydana çıxmaqla öz sözünü dedi. O, topa ilk toxunuşda Əhməd Ticaniyə məhsuldar ötürmə verdi və nigeriyalı da bundan istifadə edib qol vurdu. Yığma komandada da çıxış edən Rəhman perspektivli futbolçularımızdandır”.

“Bakı”nın prezidenti Hafiz Məmmədov də Rəhmanın oyunundan çox razı qalıb. Təsadüfi deyil ki, Məmmədov çempionluğu bayram etdikləri tədbirdə ən titullu futbolçumuz Mahmud Qurbanovla yanaşı, ən gənc Azərbaycan çempionlarından olan Hacıyevi də xüsusilə təbrik etmişdi.

Hacıyevski ÇL-də iştirak ərizəsinin onun üçün tam müəyyənləşdiyini və artıq sabah UEFA-ya göndərilməyə hazır olduğunu bildirib. Həmin siyahıda ötən mövsümkü heyətdən afrikalı futbolçulardan ikisi – müdafiəçi Ndasiyaba Floribet ilə hücumçu Papa Byaye Çeykona da yoxdur: “Onlar əsas komandada yer almırdılar. Yeni transferlərimizin hamısı - braziliyalılar Barboza ilə Feliks Felipe Almeyda, serbiyalı Stevan Bates, bosniyalı Aleksandar Soliç və rumıniyalı Valentin Kristian Muşkalunu sifariş edəcəyik. Sonuncunun zədə ilə bağlı problemi olsa, müalicəsi uğurla başa çatmalıdır. Hər halda, Kristian da iştirak ərizəmizdə olacaq. A-da 24, B-də 3 futbolçu yer alıb. Yəni, ümumilikdə siyahımızda 27 futbolçu olacaq. Əsas siyahımızda maksimum 25 futbolçunun olması nəzərdə tutulub. Bir yer boş qaldığı üçün daha bir futbolçu sifariş edə bilərik. Ancaq fikrimcə, “Ekranas”la oyuna transferlər işlərini bitirdiyimizdən bu, baş verməyəcək”.

Qeyd edək ki, Soliç “Bakı”da “Muğan”a gedən 23 yaşlı yarımmüdafiəçi Elnur Abdullayevin daşıdığı “77 nömrə”li formanı geyəcək.
0