Hacıyevski hər şeydən razı qaldı
09.07.2009 - 09:59
Hacıyevski hər şeydən razı qaldı
"Rəqibi oyunun ilk hissəsində taktiki gedişlər baxımından üstələdik. Meydan boyu müşahidə olunan mübarizədə bizim uşaqlar daha üstün görünürdülər. Bunun nəticəsi kimi ilk hissədə 3 qol vurduq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski klubun rəsmi saytına açıqlamasında deyib.

Litva təmsilçisi “Ekranas”la rəsmi görüşə hazırlıq çərçivəsində Sloveniyadakı hazırlıq prosesini qələbə ilə başa vuran komandamız Xorvatiyanın yüksək liqasında mübarizə aparan “Sibaliya”nı yoxlama oyununda 4:2 hesabı ilə məğlub edib. Hacıyevskinin fikrincə, bu görüşdə hətta böyük hesablı qələbə də qazana bilərlərmiş: “Hesab daha da artıq ola bilərdi, bir çox əlverişli imkanlardan yararlana bilmədik. İkinci hissədə heyətdə tam dəyişiklik oldu ki, bu da öz təsirini göstərdi. Rəqib bu amildən yararlanaraq qapımıza yol tapdı. Oyunda son nöqtəni isə biz qoyduq. Nəticə və komandamızın oyunu məni razı saldı. Bu oyunla təlim məşq toplantımız başa çatır. İndi bütün diqqətləri "Ekranas" oyununa yönəldirik".

Sloveniyada daha üç gün məşq edəcək “Bakı” iyulun 12-də Avstriyanın paytaxtı Vyanaya yollanacaq. Vyana-Riqa hava reysilə Latviya paytaxtına gələcək komandamız ordan Litvanın Panejelis şəhərinə üz tutacaq. “Bakı” iyulun 14-də ÇL-nin ikinci təsnifat mərhələsində ilk oyununu bu şəhəri təmsil edən “Ekranas”la keçirəcək. Riqadan Panejelis təxminən 150 kilometrdir və avtobusla həmin yolu iki saata qət etmək olar.
0