Qanadları qırılan “Simurq” “İnter” ola bilmədi
10.07.2009 - 09:57
Qanadları qırılan “Simurq” “İnter” ola bilmədi
İsraildə biabırçılıqla üzləşən “Simurq” avrokuboklarda debüt mövsümündə mərhələ adlamayan çoxsaylı Azərbaycan təmsilçiləri sırasında yer aldı. Apasport.az saytının hesablamalarına görə, 1994-cü ildən qitə miqyaslı yarışlara qatılan klublarımızdan yalnız “Xəzər Universiteti” və onun xələfi “İnter” siftədə növbəti mərhələyə yüksələ bilmişdi.

Düzdür, “tələbələr” 2004-cü ildə İntertoto kubokunda “Bregens”ə (Avstriya) səfərdə böyük hesabla uduzmuşdu – 0:4. Ancaq rəqib komandada “lipa” aşkarlayan UEFA “Xəzər Universiteti”nə 3:0 hesablı texniki qələbə vermişdi. Cavab görüşündə 2:1 hesabı ilə qələbə qazanan komandamız mərhələ adlamışdı. “Xəzər Universiteti” bu turnirdə çıxışını başa vurduqdan sonra, yəni 2004-cü ilin iyulunda artıq “İnter” adını daşımağa başladı və onun varisi oldu. “İnter” ötən il Çempionlar Liqasında “Rabotniçki” (Makedoniya) ilə hər iki görüşü heç-heçə başa vurdu (0:0 və 1:1). Ancaq səfərdə vurulan qol komandamızı ikinci mərhələyə yüksəltdi.

İndiyədək avrokubok iştirakçılarımızdan “Turan”, “Kəpəz”, “Neftçi”, “Xəzri”, “Qarabağ”, “Bakı fəhləsi”, “Dinamo” (onun xələfi “Bakı” da), “Viləş”, “Şəmkir”, “Şəfa”, “Karvan”, “Xəzər-Lənkəran”, “MKT-Araz” və “Olimpik” debüt mövsümündə uğursuzluq yaşayıb. “Simurq” “Turan”, “Kəpəz”, “Dinamo”, “Viləş”, “Şəmkir”, “Şəfa”, “Karvan”, “Xəzər-Lənkəran” kimi hər iki görüşdə uduzdu. Eyni zamanda, Zaqatala təmsilçisi “Turan”, “Şəmkir” və “Şəfa”nın uğursuzluğunu davam etdirdi. Belə ki, bu komandalar debüt mövsümlərində qol da vura bilməyiblər. Pokoranın komandası onunla təsəlli tapa bilər ki, “Turan”, “Şəmkir” və “Şəfa” ilə müqayisədə keçirdikləri oyunlarda az top buraxıblar. Bu cəhətdən antirekord iki görüşə 7 qol buraxan “Turan”la “Şəfa”ya məxsusdur.

Qeyd edək ki, “Simurq” İsrailin “Bney Yehuda” klubuna evdə 0:1, səfərdə 0:3 hesabı ilə uduzub.
0