Hamı uduzur, “Neftçi”nin nüfuzu artır
10.07.2009 - 10:53
Hamı uduzur, “Neftçi”nin nüfuzu artır
Dünən ölkənin baş arenasında Trnava “Spartak”ı qarşısında aciz duruma düşən “İnter”in Premyer Liqanın son mövsümünü boşa verən “Neftçi” ilə aralarındakı səviyyə fərqi də bilindi. “Bankirlər” nə qədər yaxşı maliyyə imkanlarına malik olsalar da, onların gücünün ancaq yerli komandalara yetərli olacağı üzə çıxdı. Belə ki, dünənki biabırçılıqla “İnter” “Neftçi” klubunun rekordunu davam etdirə bilmədi. Apasport.az saytının məlumatına görə, 15 ildir qitə miqyaslı turnirdə mübarizə aparan komandalarımızdan yalnız flaqman ardıcıl iki mövsüm mərhələ adlayıb.

Bu, 2004/05 və 2005/06 mövsümündə Çempionlar Liqası (ÇL) kimi nüfuzlu turnirə təsadüf edir. “Xalq komandası” 2004-cü ildə “Şiroki Briyeq” (Bosniya və Herseqovina), növbəti il “Hafnarfyordur”u (İslandiya) dayandırdı. Avrokuboklarda ötən il debüt edən “İnter” də ÇL-ə uğurla başlamışdı. Komanda keçirdiyi ilk üç oyunda heç-heçə etmiş, birində isə uduzmuşdu. Makedoniya “Rabotniçki”sini (0:0 və 1:1) səfərdə vurulan qol sayəsində keçən “bankirlər” ardından Bakıda “Partizan”la (Serbiya) heç-heçə oynadı – 1:1. Cavab görüşündə 0:2 hesabı ilə uduzan paytaxt təmsilçisi mübarizəni dayandırdı.
Bu dəfə ölkəmizi Avroliqada təmsil edən “İnter” Slovakiya “Spartak”ına hər iki görüşdə uduzdu – 1:2 və 1:3.

İndiyədək bir çox klublarımız avrokuboklara ardıcıl iki il və bundan da artıq qatılsalar da, yalnız “Neftçi” iki il ardıcıl mərhələ keçib. “İnter” flaqmanın uğurunu təkrarlamağa çox yaxın olsa da, səfərdə əldə etdiyi 1:2 hesablı münasib nəticədən yararlana bilmədi. Hətta görüşün əvvəlində növbəti mərhələyə çıxmağa imkan verən qolu vuran komanda ardından üç qol buraxmaqla, meydandan məğlub ayrıldı.

“Simurq”dan isə danışmağa dəyməz. Zaqatala təmsilçisi avrokuboklarda debüt ilindəcə İsrailin “Bney Yehuda” klubuna hər iki görüşdə uduzdu – 0:1 və 0:3.

Avrokuboklarda qalan digər iki komandamız – “Bakı” ilə “Qarabağ” mübarizəyə gələn həftə başlayacaq. Ağdamlılar avroliqada sonuncu təmsilçimiz olacaqsa, “Bakı” Çempionlar Liqasına qatılacaq. Ancaq “Neftçi”nin ardıcıl iki il mərhələ adlamaq uğurunu bu komandalar da təkrarlaya bilməyəcək və həmin uğur ən azı bir il də əlçatmaz qalacaq. Çünki “Bakı” ilə “Qarabağ” ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməyib. Bakılılar sonuncu dəfə qitə miqyaslı turnirdə 2007-ci ildə İntertotoda, Ağdam təmsilçisi isə 2006-cı ildə UEFA kubokunda iştirak edib. Hər iki turnir artıq bu adlarla keçirilmir. İntertoto tarixin yaddaşına köçübsə, UEFA kuboku cari mövsümdən Avroliqa adlanır.