Rəşad Sadıqov “hə” desin, yoxsa...
10.07.2009 - 11:24
Rəşad Sadıqov “hə” desin, yoxsa...
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” klubuna yaxın günlərdə qəti cavab verəcək. Apasport.az saytının məlumatına İzmit mətbuatına istinadən yaydığı məlumata görə, hazırda Ağdamın “Qarabağ” komandasının heyətində Qızılcahamamda təlim-məşq toplanışında olan 27 yaşlı müdafiəçi Bank Asiya birinci liqasına düşən kocaelilərin təklifini ciddi şəkildə dəyərləndirir.

Rəşadın yaxın günlərdə qərarını açıqlayacağı öyrənilib. Müdafiəçi axtarışında olan “Kocaelispor” rəhbərliyi Sadıqovla yenidən anlaşmaq üçün səylərini artırıb. Komandanın yeni baş məşqçisi Cihat Arslan müdafiəçimizi israrla sərəncamında görmək istəyir. Bu üzdən rəhbərlik Rəşadı komandada qalması üçün inandırmağa çalışır.

Qeyd edək ki, Sadıqov qışda “Neftçi”dən “Kocaelispor”a keçərək, həmin vaxt Superliqada çıxış edən komandanın əsas heyət oyunçusu olub. Həmin vaxt onunla birgə transfer olunan digər futbolçumuz Ramal Hüseynov İzmit klubu ilə yeni üç illik müqavilə imzalayıb. “Kocaelispor”la müqaviləsi bitən Rəşad özünə yeni klub axtarır və Superliqada çıxışını davam etdirmək istəyir. O, “Qarabağ”a Avroliqada yardımçı olmağa razılıq verib.