“İnter” klubunun müdafiəçisi: Düz edib, bizi söyürlər
10.07.2009 - 13:54
“İnter” klubunun müdafiəçisi: Düz edib, bizi söyürlər
“Düz edib, bizi söyürlər. Belə oyunla nəinki Avroliqada mərhələ adlamağa, heç ölkə çempionatında 6-cı yeri tutmağa layiq deyilik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubun müdafiəçisi Samir Abbasov deyib.

Avroliqanın birinci təsnifat mərhələsinin cavab görüşündə evdə Slovakiya “Spartak”ı ilə görüş (1:3) barədə fikirlərini bölüşən Samir uğursuzluğun səbəbini açıqlayıb. O, nailiyyət qazanılmasına psixoloji problemlərin maneçilik törətdiyini bildirib: “Oyundan əvvəl özümüzü favorit görürdük. Şansımızı yüksək qiymətləndirirdim: 90-ın 10-a. Amma nə baş verdiyini anlamıram... Məncə, klublarımızın mərhələ keçə bilməməsinin səbəblərdən biri də psixoloji amildir”.

31 yaşlı futbolçu legionerləri də tənqid atəşinə tutub: “Bizdə səviyyəli legionerlər olsaydı, belə oyunlarda özünü göstərərdi. Quqlemon meydanda gəzişirsə, görünür, problemi var. Qoy, kimin hansı problemi olduğunu aydınlaşdırsınlar. Kim oynamaq istəmirsə, çıxıb getsin”.

Qeyd edək ki, milli komandamızın da şərəfini qoruyan Abbasov bundan öncə də bir neçə dəfə cəsarətli açıqlamaları ilə diqqət çəkib. O, yığmamızın iyunun 2-də Türkiyəyə 0:2 hesablı məğlubiyyətindən sonra futbolçuları kəskin tənqid etmişdi.

Mənbə: “Futbol+” qəzeti
0