Heydər Babayevin oğlunun klubundan şikayət olundu
13.07.2009 - 12:34
Heydər Babayevin oğlunun klubundan şikayət olundu
Ötən mövsüm Bakının “Standard” klubunun şərəfini qorumuş litvalı Edvinas Lukoşeviçius hazırda vətənində istirahətdədir. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi ölkə mətbuatına müsahibəsində bank təmsilçisindən şikayətlənib. O, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevin prezidenti olduğu “Standard”da maddi cəhətdən problemlə üzləşib.

- Hazırda siz Litvadasınız, yoxsa Azərbaycanda?
- İndi Klaypeda şəhərindəyəm. Lakin tezliklə Azərbaycana qayıdacağam. “Standard”la anlaşmanın müddəti mövsümün axırında başa çatıb və yeni müqavilə bağlamaq istəmirəm. Mənə başqa klublardan təklif var.

- Digər klublar sizə daha çox pul təklif edirlər?
- Daha çox yox, sabit. “Standard”da əməkhaqqı yubadılırdı, bəzən iki ay maaşımızı ala bilmirdik. Klub mənə hələ də borclu qalıb.

- “Standard”ın litvalı məşqçi Valdas İvanauskasa təklif göndərdiyi bildirilir. Bu haqda nəsə eşitmisiniz?
- Bəli. Mənim “Standard”a keçidim xüsusi olub. Məşqçilərlə bağlı məsələni isə klub rəhbərliyi həll edir. Düzdür, çoxları onların İvanauskasla anlaşa bilməyəcəklərini düşünür. O, dahi futbolçu olub, amma məşqçi kimi zəifdir. Dünən Bakıya zəng vurmuşdum, öyrəndim ki, Andrey Çernışevlə maddi məsələlərdə razılıq əldə edilməyib və o, evə qayıdır. Onu da dedilər ki, “Standard” İvanauskasın yolunu gözləyir. Hadisələrin gələcək axarı barədə danışmağa çətinlik çəkirəm. “Standard” Bakıdan Sumqayıta köçüb.

- Bu yerdəyişməyə səbəb nədir?
- Səbəbi çox sadədir. Azərbaycanda hər klubun öz stadionunda oynaması haqda qərar çıxarılıb. Buna görə “Standard” Sumqayıta köçür. Bu şəhərin komandası bir il öncə Premyer Liqada mövqeyini itirib və burada praktiki olaraq, futbol yoxdur.

- Litvalı futbol azarkeşləri iyulun 14-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Ekranas”ın “Bakı” ilə oyununu səbirsizliklə gözləyirlər. Qarşıdakı matç barədə proqnozunuz nədir?
- “Ekranas”ın oyununu çoxdandır görmürəm. Amma “Bakı”ya aid rəy verə bilərəm. Ötən mövsüm çempionatda bu komanda ilə hər iki qarşılaşmanı uduzduq. Biz nəticə baxımından “Bakı”dan geri qaldıq, oyuna görə yox. “Bakı” heç də çempionluğa layiq deyildi. Azərbaycanın daha güclü klubları var.