“İmkanım olsaydı, start heyətində meydana 15 futbolçu buraxardım” - MÜSAHİBƏ
14.07.2009 - 07:43
“İmkanım olsaydı, start heyətində meydana 15 futbolçu buraxardım” - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski “Ekranas”la oyundan öncə jurnalistlərlə görüşüb. Apasport.az saytının Litvanın Panevejis şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, makedoniyalı mütəxəssis bir çox məqamlara aydınlıq gətirib.

- «Bakı»nın indiki durumu haqda nə deyə bilərsiz?
- Komanda «Ekranas»la oyuna hazırdır. Heç bir problem, heyətdə itki yoxdur. Əhval-ruhiyyə həddən artıq yaxşıdır. Təlim-məşq toplanışı zamanı keçirdiyimiz oyunlarda yaxşı nəticələr qazanmışıq. Yeni oyunçular da komandaya yaxşı uyğunlaşıb. Gələcəklə bağlı nikbinik. Bu nikbinlik təkcə Çempionlar Liqası ilə yox, yeni mövsümlə də bağlıdır. «Bakı» qarşıdakı mövsümdə yeni sifətini göstərəcək. Ötən mövsümdəkindən daha yaxşı çıxış edəcəyik.

- Cəmşid Məhərrəmov «Bakı»y a qayıdacaqmı?
- O bizi Azərbaycanda gözləyir.

- Siz onu qaytaracaqsınızmı?
- Bəli, nə etmək olar.

- Axı o komandanı atıb getmişdi.
- Bəli, o çox böyük səhvə yol verib. Ancaq prezidentlə, vitse-prezidentlə danışıb ona münasibətdə böyük humanistlik nümayiş etdirdik. Futbolçu səhv edə bilər. Ancaq «Bakı» humanistlik nümayiş etdirir və hər bir yaxşı azərbaycanlı futbolçu uğrunda mübarizə aparır.

- Azərbaycanlı futbolsevərlər bu günkü oyun ərəfəsində məhz sizin məşqçilik bacarığınıza böyük ümid bəsləyir. Axı «Bakı» «Ekranas»dan o qədər də güclü deyil.
- Futbol gözlənilməz idman növü olmasaydı, qələbə qazanacağımızı indidən deyərdim. Amma hələ ki qəti bir söz demək istəmirəm. Sadəcə, deyirəm ki, problemimiz yoxdur, hər şey qaydasındadır, qələbə qazanacağımıza inanıram.

- «Bakı»nı sonuncu dəfə mayda iş başında görmüşük. Təminat verirsinizmi ki, komanda həmin dövrlə müqayisədə daha da güclənib.
- Mən gördüyümə əsasən danışıram. Yoxlama oyunlarında «Ekranas»dan da güclü rəqiblərlə qarşılaşmışıq. Söhbət «Rieka» və «Hayduk»dan gedir.

- Onlar sizə qarşı əsas heyətlə oynayıb?
- Əlbəttə.

- İlk «11-liy»i müəyyənləşdiribsiz?
- Məhz buna görə başım ağrıyır. İmkanım olsaydı, start heyətində meydana 15 futbolçu buraxardım. Futbolçu çoxluğu bir tərəfdən maneə törədirsə, digər tərəfdən seçim imkanımı genişləndirir.
0