Valdas Urbonas: Əsas odur ki, əhval-ruhiyyə oyundan sonra pozulmasın - MÜSAHİBƏ
14.07.2009 - 07:52
Valdas Urbonas: Əsas odur ki, əhval-ruhiyyə oyundan sonra pozulmasın - MÜSAHİBƏ
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Bakı”nın rəqibi olan “Ekranas”ın baş məşqçisi Valdas Urbonas müsahibə verib. Apasport.az saytının Litvanın Panevejis şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Urbonas qarşıdakı oyuna ciddi hazılaşdıqlarını söyləyib. Qələbəyə kökləndiklərini deyən baş məşqçi qol buraxmamağa çalışacaqlarını deyib.

- Deyəsən, əhval-ruhiyyəniz yaxşıdır.
- Əlbəttə.

- Oyuna az qalmış əhval-ruhiyyəniz pozulmayıb?
- Yox? Niyə pozulmalıdır ki?

- Məsələn, rəqib haqda informasiyanız azdı.
- Əsas odu ki, əhval-ruhiyyə oyundan sonra pozulmasın.

- Yaxşı yatıbsız?
- Mən həmişə yaxşı yatıram.

- Ümumiyyətlə, komandada ab-hava necədir?
- Komandamızda işgüzar atmosfer hökm sürür. «Bakı» ilə oyuna hazırıq. Fikrimcə, gücümüzü göstərəcəyik.

- Heyətlə bağlı itkiləriniz yoxdur ki?
- Yox, hər şey qaydasındadır. Bu gün güclülər meydana çıxacaq.

- Prezidentiniz konkret proqnoz verdi: 2:0. Sizin fikriniz necədir?
- Mən proqnoz verməyəcəm. Qoy bununla başqaları məşğul olsun.

- Hesab etmirsiniz ki, evdə minimal hesablı qələbə qazansanız, Bakıda siz çox çətin olacaq?
- Biz yalnız qələbə haqda düşünürük. «Bakı»nı məğlub etmək istəyirik.

- Tutaq ki, 3:2 hesablı qələbə sizi qane edəcək?
- Yox. Əsas odu ki, evdə qol buraxmayaq.

- Rəqibi kifayət qədər öyrənə bilibsizmi?
- «Bakı» haqda informasiyamız var.

- Rəqibi necə xarakterizə edərdiniz?
- Yaxşı komandadır, bir neçə futbolçu da alıblar.

- Bəs «Bakı»da çatışmazlıqlar tapmısız?
- Bəli, bu hər zaman mümkündü.

- «Bakı» ilə komandanızın oyun dəst-xətti arasında nə kimi fərqlər var?
- «Bakı» daha çox texnikalı oyunu təbliğ edir, elə biz də baxımlı oyun göstərməyə çalışırıq.

- «Bakı»nın hansısa oyunçuları yadınızda qalıbmı?
- Bəli. Hər iki qapıçını – həm Şarliyanı, həm də Sissokonu qeyd edə bilərəm. Yaxşı qapıçılardı. Orta sahədə 20 nömrəli oyunçu (Ramim – red.) seçilir. Bir də ucaboy braziliyalı hücumçu Feliks Felipenin adını çəkə bilərəm.

- Son transferlərinizi – Şidlauskasla Arandeloviçi necə xarakterizə edərdiz?
- Şidlauskas yaxşı tanıdığımız futbolçudu, komandamıza qayıdıb. O, son yarım ili Belarusda keçirib. Elə Arandeloviç də komandanı gücləndirə bilər.

- Onlara əsas futbolçu kimi güvənirsiz, yoxsa perspektiv üçün almısız?
- Onlar hər ikisi əsas futbolçulardı.

- Start heyətini özünüz üçün müəyyənləşdiribsizmi?
- Bəli. Ancaq bu özüm üçündü, sizə deyəsi deyiləm.

- Bu cütdə «Bakı»nın şansını necə qiymətləndirirsiz?
- Bilmirəm, bunu oyun göstərəcək. Onu da unutmayaq ki, qalib iki oyuna əsasən müəyyənləşir.

- Nəvaxtsa Bakıda olmusuz?
- Yox. «Neftçi» ilə bağlılığım yoxdur (gülür).

- Bakıda gözlənilən ab-hava, istilər sizi narahat etmir?
- Yox, nə etməliyik ki… Artıq püşk atılıb. Şarları biz qarışdırsaydıq, nəsə etmək olardı. Burda isə hansısa kənar şəxs şarı çıxarır və istənilən rəqiblə oynamalısan.

- Hər halda, «Ekranas» səpələnməmişlər arasında ən zəif rəqib idi. Təsadüfi deyil ki, «Bakı»nın düşərgəsində püşkü sevinclə qarşıladılar.
- Məncə, sevinmək hələ tezdi.
0