“Ekranas”ın prezidenti: Pul baxımından “Bakı” ilə müqayisə oluna bilmərik - MÜSAHİBƏ
14.07.2009 - 08:14
“Ekranas”ın prezidenti: Pul baxımından “Bakı” ilə müqayisə oluna bilmərik - MÜSAHİBƏ
“Ekranas” klubunun prezidenti Ausris Labinas bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Bakı”ya qarşı keçirəcəkləri oyun ərəfəsində müsahibə verib. Apasport.az saytının Litvanın Panevejis şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Labinas maraqlı açıqlamalar, eyni zamanda proqnoz verib.

- Konkret bu günkü oyundan nə gözləyirsiz?
- İlk növbədə yaxşı oyun və çoxlu azarkeşin gəlməsini, bir sözlə, futbol tamaşası gözləyirəm. Qoy oyun kimin güclü olduğunu, bu dəqiqə hansı komandanın daha hazırlıqlı olduğunu göstərsin.

- Sizcə, bu gün hansı komanda daha hazırlıqlıdır?
- Axı bunu necə demək olar? Siz bizim komandanı tanıyırsınız? Fikrimcə, yox. Elə biz də sizin komandanı yaxşı tanımırıq.

- Heç «Bakı»nın oyununun videoyazısına da baxmamısınız?
- Şəxsən mən yox. Əslində, bu mənə yox, baş məşqçiyə aid olan məsələdir.

- Yəqin razılaşarsınız ki, maliyyə baxımından müqayisə etsək, siz «Bakı»dan çox geri qalırsınız.
- Bunu heç müzakirə etməyə dəyməz. Pul baxımından «Bakı» ilə müqayisə oluna bilmərik.

- Ancaq futbolda pul əsas rol oynamır.
- Əlbəttə. Biz ötən mövsüm heç də böyük olmayan büdcə ilə çempion olduq.

- Sirr deyilsə, büdcənizi öyrənmək olarmı?
- Əlbəttə ki, büdcəmizi bilirəm. Ancaq bunu açıqlamağa ehtiyac yoxdur. Təkcə onu deyə bilərəm ki, büdcəmizə görə «Bakı»dan 5 – 7 dəfə geri qalırıq.

- «Bakı»nı keçməyə görə futbolçulara yaxşı mükafat veriləcəkmi?
- Əlbəttə!

- Böyük məbləğdir, yoxsa…
- Fikrimcə, bizim futbolçular üçün böyük məbləğdir. Ancaq bir daha deyirəm ki, futbolda pul əsas rol oynamır. Son nəticəyə təsir göstərən amillər çoxdu.

- Belə gənc yaşda birisini klub prezidenti kimi görmək maraqlıdır.
- Litvada çox gənc və böyük uğurlar qazanan iş adamları çoxdur. Ölkəmiz müstəqil olandan sonra önümüzdə geniş imkanlar açıldı. Kimin ki ağlı, təhsili var, onlar irəli gedirlər. Şəxsən mən iki ildi «Ekranas»ın prezidentiyəm.

- Oyunun nəticəsi ilə bağlı fikriniz necədir?
- Fikrimcə, böyük hesab olmayacaq.

- Kənar amillər nəticəyə təsir göstərə bilərmi? Məsələn, azarkeşlər, hakim, hava şəraiti. Bakıda çox istidir, burda isə hava sərindir.
- Bir neçə gün əvvəl Kiprdə oynadıq. Orda hava baxımından elə bir problemlə üzləşmədik. Bilirəm ki, Bakıdakı oyun axşam saatlarında olacaq. Həmin vaxt isə gün batır, 25-27 dərəcə altında oynamaq normaldı. Fikrimcə, Bakıdakı oyunda çoxlu azarkeş olacaq. Bunu da ciddi problem saymıram. Çünki çoxlu azarkeş qarşısında da oynamışıq. Hakimliyə gəlincə, hər şeyin qənaətbəxş olmasını istəyirəm. Yəni hakimlər oyunu təmiz idarə etsin, pərdəarxası oyunlarla məşğul olmasınlar. Heç belə olacağını da güman etmirəm.

- Yəqin ki, əsas casusunuz yaxşı tanıdığımız Valdas Trakis olub.
- Ola bilər. Ancaq o sizə də casusluq edə bilər.

- Komandanızın heyətində yığma üzvləri varmı?
- Yox. Ümumiyyətlə, Litva yığmasının heç bir üzvü ölkədə çıxış etmir.

- Oyuna konkret proqnozunuz nədir?
- İstərdim ki, komandam 2:0 hesabıyla qələbə qazansın.
0