Milli komandanın futbolçusu saxta sənədlərlə villa tikdirib
14.07.2009 - 11:00
Milli komandanın futbolçusu saxta sənədlərlə villa tikdirib
Türkiyə yığmasının və “Beşiktaş”ın futbolçusu Rüştü Reçber gözlənilməz olayla üzləşib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı qapıçının saxta sənədlərlə villa tikdirdiyi müəyyənləşib.

O, 1998-ci ildə “Fənərbaxça”da oynayarkən, İstanbulun Draqos Orxantəpə qəsəbəsində 900 kvadrat metr torpaq sahəsi alıb. Sonradan burada 3 mərtəbəli villa tikdirmək istəyinə düşən Rüştü bunun üçün müvafiq qurumdan icazə almaq məcburiyyətində qalıb. Bir neçə dəfə Kartal Bələdiyyəsinə gedən futbolçu nəhayət, 2006-cı ildə villanın sənədlərini əldə edib.

Ötən il isə Reçber lüks villasını 1 milyon 750 min dollara satışa çıxarıb. Üç ay öncə onun villasına müştəri tapılıb. Tərəflər görüşərək qiymətdə razılaşıblar və müştəri Kartal Bələdiyyəsinə gedərək, villanın borcu olub-olmadığını soruşub. Bələdiyyə sədri sənədlərə baxdıqda isə Rüştü şok yaşayıb. Belə ki, villanın saxta sənədlərlə tikildiyi məlum olub. Demə, 2006-cı ildə bələdiyyənin keçmiş əməkdaşları Reçberə başqa bir binanın ünvanını göstərərək, saxta sənədlər veriblər.

Kartal Bələdiyyəsindən bildirilib ki, Rüştünün aldığı torpaq sahəsində hansısa tikinti işi aparılması qanunaziddir. Təbii ki, bu məsələdən sonra müştəri futbolçunun evini almaqdan vaz keçib. Bələdiyyə əməkdaşları isə araşdırmalara başlayıblar.
0