Qalmaqal: “Samsunspor” – “Xəzər-Lənkəran” görüşü başa çatmadı
14.07.2009 - 21:15
Qalmaqal: “Samsunspor” – “Xəzər-Lənkəran” görüşü başa çatmadı

XVIII Azərbaycan çempionatına hazırlıq məqsədilə Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər-Lənkəran” az öncə növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri I liqa təmsilçisi “Samsunspor”la üz-üzə gəlib.

Matçın sona çatmasına 4-5 dəqiqə qalmış oyunda qalmaqal yaranıb. Bu vaxta qədər lənkəranlılar Fatih Sonkayanın vurduğu qolla hesabda irəlidə olublar. Amma tarazlığı bərpa edə bilməyən və bu səbəbdən də kobud oyuna üstünlük verən türkiyəlilərlə futbolçularımız arasında yaranan kiçik insident sonradan bir qədər də böyüyüb. Bu səbəbdən baş hakim sınaq matçını yarımçıq dayandırıb.

Bu, Lənkəran təmsilçisinin 3-cü sınaq oyunu olub. Əvvəlcə “Kasımpaşa”ya uduzan (1:2) cənublular ardından “Eskişəhərspor” üzərində 2:1 hesablı qələbə qazanmışdı.

Ağasəlim Mircavadov ilk dəqiqələrdə Dmitri Kramarenko – Fatih Sonkaya, İvan Peça, Kostadin Canbazov, Radomir Todorov – Devran Ayhan, Rahid Əmirquliyev, Nizami Hacıyev, Marius Marian Kroitoru – Viorel Frunza, Andrey Şeryakov “11”liyinə şans verib.

Məşqçilər korpusu görüşdə daha 3 futbolçunu sınaqdan keçirib. Bunlar Marius Marian Kroitoru (Rumıniya), Viorel Frunze (Moldova) və Andrey Sheryakovdur (Belarus). Onların komandada qalıb-qalmayacağı yaxın günlərdə bilinəcək.


0