Auşriyus Labunas: Trakis oynamasa, bu, bizim üçün ciddi itki olacaq
14.07.2009 - 11:49
Auşriyus Labunas: Trakis oynamasa, bu, bizim üçün ciddi itki olacaq
“Trakisin həqiqətən də zədə problemi var. Bunu özündən də soruşa bilərsiniz. Valdasın Kiprdə keçirdiyimiz yoxlama oyununda aldığı xəsarət nəticəsində ayağı şişib”. Apasport.az saytının Litvanın Panevejis şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Litvanın “Ekranas” klubunun prezidenti Auşriyus Labunas deyib.

Çempionlar Liqasında “Bakı”ya rəqib olan Panevejis təmsilçisinin rəhbəri Bakının “İnter” klubunda oynamış Valdas Trakisin bu gün meydana çıxa biləcəyinə böyük ümid bəsləyir: “Onun oynayıb-oynamayacağı dəqiq bilinmir. Buna görüşə az qalmış aydınlıq gələcək. Əlbəttə ki, Trakis oynamasa, bu, bizim üçün ciddi itki olacaq. Çünki o, əsas heyət oyunçumuzdur. Valdas hücum xəttimizin əsas simalarındandır. Belə futbolçular komandaya çox lazımdır. Axı həm də Trakis Azərbaycan oynamış, futbolumuzu yaxşı bilən futboldur. Bu da çox vacib amildir”.

“Ekranas” – “Bakı” görüşünə bukmeker kontorlarının göstəricilərindən xəbərsiz olan Labunas bunun əvəzində ölkə mətbuatımızı izləyir: “Komandamızda 4 legioner var. Əlbəttə ki, onlar “Bakı” ilə görüşdə təkcə komandaları yox, ümumilikdə Litva üçün oynayacaqlar. Bu da mühüm amildir. Misal üçün sizin mətbuatda oxumuşam ki, “İnter”in hansısa futbolçusu komandasında çıxış edən legionerləri haqqında çox pis sözlər deyib. Əlbəttə, belə də ola bilər. Ancaq bizdə legionerlər azdır və son 2-3 ildə elə də ciddi dəyişiklik etmirik”.

“Ekranas”ın prezidenti son iki transferlərinin heyətə gec qoşulmasından narahat deyil: “Onda bəs sizin yeni futbolçular uyğunlaşa bilibmi? Şidlauskas iki il “Ekranas”da oynayıb. Hesab etmirəm ki, onun gəlişi ilə oyun xəttimizdə hansısa pozulma olsun. Arandeloviçə isə komandaya uyğunlaşması vaxt lazım olduğunu başa düşürük. Buna görə də “Bakı” ilə oyunlarda ona elə də çox bel bağlamırıq. O, bizə perspektiv üçün lazımdır”.