İsveçdə yaşayan azərbaycanlı gəmi ilə “Bakı”nın oyununa gəldi
14.07.2009 - 11:54
İsveçdə yaşayan azərbaycanlı gəmi ilə “Bakı”nın oyununa gəldi
Çempionlar Liqasında “Bakı”nın Litvanın “Ekranas” klubu ilə oyununa Azərbaycanın qadınlardan ibarət yığma komandası da dəstək verəcək. Apasport.az saytının məlumatına görə, “Bakı” kimi Litvaya gələn yığmamız burada yoldaşlıq görüşü keçirir.

Şaulyay şəhərində olan Şamil Heydərovun rəhbərlik etdiyi yığmamız “Bakı”ya dəstəyə görə görüşün vaxtını da dəyişməyə hazırdır. Yığma komandanın rəisi Telman Abdullayev apasport.az saytının Panavejis şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, bunu litvalılarla razılaşacaqlar: “Bakı”ya Litvada dəstək verməyi çox istəyirik. Bu, bizim mənəvi borcumuzdur. Günorta saatlarında oynayıb, bundan sonra Panevejis şəhərinə yollanmaq fikrindəyik”.

Qeyd edək ki, “Bakı”nın rəhbərliyi də yığmamıza Panevejisə gəlməyə nəqliyyat təşkil etməyə, bilet məsələsini həll etməyə hazırdır və öz köməyini təklif edib. Artıq ölkə kənarında yaşayan bir həmyerlimiz dəstək baxımından öz addımını atıb.

Belə ki, 18 yaşlı Vüqar Hüseynov İsveçdən Litvaya “Bakı”nı dəstəkləmək üçün gəlib. 9 ildir Stokholmda yaşayan Vüqar iqtisadi təmayüllü gimnaziyada təhsil alır. O, Litvanın Panevejis şəhərinə gəlmək üçün gəmidən və avtobusdan istifadə edib: “Bakı”ya həmişə azarkeşlik etmişəm. Hətta çempion olan bu komandanın əsas heyətini da əzbər bilirəm. Onu da bilirəm ki, “Bakı” mövsümlərarası fasilədə yaxşı transferlər həyata keçirməklə, xeyli güclənib. “Ekranas”la görüşdə komandamızdan böyük hesablı qələbə gözləyirəm. “Bakı”nın bu rəqibi keçəcəyinə əminəm”.