Trakis: Maraqlıdır, “Bakı” bizə nə cavab verəcək? - MÜSAHİBƏ
14.07.2009 - 12:10
Trakis: Maraqlıdır, “Bakı” bizə nə cavab verəcək? - MÜSAHİBƏ
“Ekranas” klubunun hücumçusu Valdas Trakisin apasport.az saytının Litvanın Panevejis şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Bildiyimizə görə, Kiprdə yerli “Omoniya” klubu ilə yoxlama oyununda zədə almısınız. “Bakı” ilə oyunda meydana çıxa biləcəksiniz?
- Yəqin ki. Hər halda, Çempionlar Liqası ildə bir dəfə keçirilən turnirdir. Bu yarışı buraxmağı heç istəmirəm.

- Axı, zədə meydana çıxmağına mane ola bilər...
- Tibb aləminin möcüzələri var. Ümid edirəm ki, “Bakı” ilə görüşdə iştirak edəcəyəm.

- Bir il ölkəmizdə Bakının “İnter” klubunda oynamısınız. Rəqib məhz “Bakı” olduğuna görə zədəni unudub, meydana çıxmağa alışıb-yanırsınız, yoxsa...?
- Belə düşünmürəm. Bu, Çempionlar Liqasıdır və istənilən rəqibə qarşı oynamaq lazımdır. Əlbəttə, rəqibin “Bakı” olması da böyük motivasiya yaradır. Sizə əvvəl də demişdim ki, mən “İnter”in heyətində “Bakı”nı məğlub edə bilməmişəm. Nəhayət, buna son qoymaq istəyirəm. “İnter” bu uğursuz ənənəyə son qoyub, ölkə çempionu oldu. Ümidvaram ki, mən də “Bakı” ilə görüşdə öz istəyimə çatacağam.

- “Bakı”nı keçmək gücündəsiniz? Buna yaxşı hazırlaşmısınız?
- Mənə maraqlıdır, onlar bizə sinə gərə biləcəkmi? Biz bunu edə biləcəyik. Bu, yüz faizdir. Maraqlıdır, görəsən “Bakı” bizə nə cavab verəcək?

- Hamınız qələbəyə köklənmisiniz. Yəqin ki, “Bakı” sizin meydanda heç-heçə etsə, bunu uğur sayacaqsınız?
- Belə demək olar. Ancaq biz rəqibə yuxarıdan aşağı da baxmırıq. Hesab edirəm ki, elə bizim üçün ilk oyunda heç-heçə münasib nəticə olacaq. Əsas məsələ evdə qol buraxmamaqdır. Buna nail olmasaq, işimiz çətinləşəcək.
0