Andrey Çernışev: “Standard”da maliyyə problemləri var
14.07.2009 - 16:06
Andrey Çernışev: “Standard”da maliyyə problemləri var
Rusiyalı məşqçi Andrey Çernışev “Standard”la anlaşa bilməməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı Bakı klubu ilə maddi məsələlər ucbatından razılığa gələ bilməyib.

“Bakıya ilk səfərimdə rəhbərliklə görüşdüm, insanlar məndə xoş təəssürat yaratdı. Biz təlim-məşq toplanışlarının keçiləcəyi yeri, həmçinin komandanın mövsüm ərzində məşq edəcəyi məkanı və transfer məsələlərinin müzakirə etdik” - deyə Çernışev Rusiya mətbuatına müsahibəsində deyib.

Amma “Spartak”ın və Rusiyanın gənclər yığmasının sabiq baş məşqçisi paytaxtımıza ikinci səfərindən narazı qalıb. Nəticədə Çernışev tezliklə geri qayıtmaq məcburiyyəti ilə üzləşib: “İkinci səfərimdə klubda vəziyyətin bir az dəyişdiyini gördüm. Fikrimcə, bu, maddi məsələlərlə bağlıdır. Biz bir-birimizi anlaya bilmədik ki, gələcəkdə nə etmək lazımdır. Mənim şərtlərim heç də ön planda deyildi. “Standard”da maliyyə problemləri var və açığı, bunun nə zaman aradan götürüləcəyini deməyə çətinlik çəkirəm”.

Xatırladaq ki, “Standard” rəhbərliyinin Çernışevlə müqavilə bağlayacağı gözlənilsə də, o, ötən həftə qəflətən Rusiyaya dönüb. İndi “bankirlər”in baş məşqçi postuna litvalı Valdas İvanauskas namizəddir.