“Son vaxtlar Ramim xoşuma gəlmir”
15.07.2009 - 07:40
“Son vaxtlar Ramim xoşuma gəlmir”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun müsahibəsi

- Komandanızın oyunundan razı qaldınızmı?
- Bəli. Komandamın oyunu bəyəndim. Elə yeni transferlərimiz haqda da bunu deyə bilərəm.

Bəs Fabio Luis Ramimin?
- Sözün düzü, Fabionun son vaxtlar, konkret milli komandamızın Uelslə görüşündən sonra oyunu xoşuma gəlmir. Ancaq Feliks Felipe, Aleksandar Soliçin oyununu bəyəndim. Sağ olsun, ölkəmizin Litvadakı səfiri də burada idi. O, ilk hissədən sonra məhz Soliçi qeyd etmişdi. Bildiyimiz, xorvatiyalı oyun qurucusu mövsüm bitəndən sonra transfer etmişik. İnanın ki, onun oyunu da xoşuma gəlir. Çox sevinirəm ki, sabah Bakıya hamımız üzüağa qayıdacağıq. Axır ki uduzmamış Bakıya qayıdırıq.

- Ancaq istənilən halda, mərhələ bizim olacaq...
- Yüz faiz. Buna sizi əmin edirəm. Azarkeşlərin Bakıdakı cavab görüşündə stadiona gəlməsini istəyirəm. Onları “Bakı”ya dəstək verməyə çağırıram. Gördünüz ki, “Ekranas”ən cəmi 4 minlik stadionu var. Bakıda isə 30 minlik Respublika stadionumuz var. Qoy bizə azarkeşlik etsinlər və rəqibə hücumlarımıza daha böyük təsir göstərsin. Onsuz da biz qələbə çalacağıq. Bu, yüz faiz belə olacaq.

- Mərhələ keçməyə görə futbolçulara mükafat verəcəksiniz?
- Mükafatsız bir şey olmur ki (gülür).

- Bəs heç-heçəyə necə?
- Avrokubok iki oyundan ibarətdir. Buna görə də iki oyunun nisbətində heç-heçəyə mükafat olmaz. İnşallah, qələbə çalacaqlar və mükafatlarını da alacaqlar.

- “Bakı” üçüncü mərhələyə çıxsa, Azərbaycan futbolunda bir tarix yazacaq. Özü də buna çox yaxınsınız. Bir rəhbər kimi buna inanırsınız?
- O tarixi yazmağı, Azərbaycan azarkeşlərini sevindirmək istəyirəm. Çünki son vaxtlar futbolda çox pis günlər yaşadıq. Vallah, heç kimi, heç bir klubumuzu qınamıram. Bu, futbolda olan bir şeydir. Biz də bu günləri görmüşük. Ancaq “İnter”lə “Simurq” avrokuboklarda mübarizəni dayandırıb, “Bakı” ilə “Qarabağ” qalıb. “Qarabağ” da çox güclü rəqib düşüb.

- Elə bil, çox həyəcanlısınız...
- İlk hissədən sonra narahat idim. Ancaq indi sevinirəm. Azərbaycanlı jurnalistlərə də bu qədər uzun yolu qət edib, komandamızı dəstəklədiyinə görə minnətdarlıq edirəm. Çox sağ olun ki neçə min kilometri bizimlə birgə gəlmisiniz, komandaya azarkeşlik edirsiniz.
0