ABŞ firması “Gəncə”nin futbolçularına geyim hazırlayıb
15.07.2009 - 17:34
ABŞ firması “Gəncə”nin futbolçularına geyim hazırlayıb
Yeni mövsümdən böyük futbola qayıdan “Gəncə” klubu hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, XVIII milli çempionatın birinci divizionunda yarışacaq komandanın düşərgəsində 20 futbolçu var. Baş məşqçi Fuad İsmayılov əsasən yerli oyunçuların xidmətindən yararlanır. Artıq “Gəncə”nin kapitanı da məlumdur. Klubda kapitan sarğısını Vasif Vəliyev daşıyacaq.

“Gəncə”nin prezidenti Elmir Əliyevin bildirdiyinə görə, komandanın 2009/10 mövsümündə istifadə edəcəyi idman geyimləri hazırdır və yaxın günlərdə heyətə təqdim olunacaq. Futbolçular ABŞ-ın tanınmış “2K” firması tərəfindən hazırlanan göy-ağ rəngli forma geyinəcəklər.

Prezident “Gəncə”nin çıxış edəcəyi şəhər stadionunda təmir-bərpa işlərinin getdiyini də vurğulayıb: “Gəncənin mərkəzi stadionunda 10 min nəfər üçün yeni oturacaqlar quraşdırılır. Həmçinin stadionda böyük elektron monitor, eləcə də oyunların gecə saatlarında keçirilməsi üçün Almaniya istehsalı olan yeni işıqlandırıcı sistemlər də olacaq”.