“Futbolçularımız Türkiyəyə “Fənərbaxça”da qalmaq arzusu ilə yollanırlar”
16.07.2009 - 02:01
“Futbolçularımız Türkiyəyə “Fənərbaxça”da qalmaq arzusu ilə yollanırlar”
Türkiyənin “Fənərbaxça” klubunda hazırlığa yollanacaq “Akademiya” komandasının seleksiyaçı-məşqçi Təbriz Həsənovun müsahibəsi

- Səfərlə bağlı təəssüratlarınızı bildirərdiniz...
- AFFA ilə Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib. Türkiyəyə aparacağım futbolçular hamısı seçilmiş uşaqlardır. Aralarında 13-14 yaşlı uşaqlar da var. Uşaqlar 3 ay “Fənərbağça” klubunun bazasında təlim-məşq toplanışı keçirəcəklər. Eyni zamanda oradakı məşqçilər bizim uşaqlar arasında seçim edəcəklər. Ən istedadlı və perspektivli futbolçuların adıçəkilən klubda qalmaq şansı var. Növbəti mərhələdə həmin seçilmiş uşaqların Türkiyədə hansı müddətə qalacağı məlum deyil. Ancaq toplanışın xeyirli olacağına inanıram. Gələcəkdə yığmamızın daha səviyyəli futbolçulardan təşkil ediləcəyinə ümid edirəm. Aydın məsələdir ki, oradakı məktəbin səviyyəsi daha yüksəkdir.

- Sizin işiniz nədən ibarət olacaq?
- Həm komanda orada olduğu müddətdə onlara rəhbərlik edəcəyəm, həm də bir məşqçi kimi təcrübəmi artıracağam.

- Qardaş ölkəyə 21 nəfər yeniyetmə futbolçu yollanır. Onlara rəhbərlik etmək məsuliyyət tələb edir. Buna tam hazırsınızmı?
- Əlbəttə, məsuliyyət böyükdür. Bu, klublarda işləməkdən də çətindir. Türkiyədə olduğumuz müddətdə uşaqlarım həm müəllimi, həm valideyni olacağam. Bunları nəzərə aldıqda, hansı məsuliyyətin altına girdiyimi dərk edirəm. Ancaq futbolumuzun inkişafı naminə bunu etməliyik. İnşallah, futbolçularımız da çəkdiyimiz əziyyəti yerə vurmazlar. Orada özlərini yaxşı göstərəcəklərinə inanıram. Məndən olsa, hamısı Türkiyədə qalsa, daha yaxşı olar. Lakin bu, seçimlər zamanı məlum olacaq. Ancaq ora apardığımız futbolçular arasında həqiqətən də perspektivli və istedadlı uşaqlar çoxdur.

- 3 aylıq toplanışdan nə gözləyirsiniz?
- Kim istəməz ki, özünü yaxşı tərəfdən göstərsin və “Fənərbağxa”da qalsın? Uşaqların hamısı Türkiyəyə bu arzu ilə yollanır. “Fənərbaxça” haqqında əlavə məlumat verməyə ehtiyac yoxdur. Bu klub Türkiyədə və Avropada kifayət qədər tanınıb. Ona görə də bu klubun düşərgəsində keçiriləcək toplanışın, eləcə də sonrakı mərhələdə orada qalıb məşq edəcək uşaqların irəliyə doğru addım atacaqlarını düşünürəm. Sözsüz ki, ölkədə uşaq futbolunun inkişafına nail olmaq istəyən AFFA rəhbərliyi bu istiqamətdə fəaliyyətini gündən-günə genişləndirir.

- Seleksiya prosesində diqqətdən kənarda qalan olubmu?
- Xeyr. Özüm şəxsən oyunların əksəriyyətini izləmişəm. Demək olar ki, bütün perspektivli uşaqları seçmişik. Bu işləri gələcəkdə davam etdirəcəyik.

Mənbə: “Futbol dünyası” qəzeti
0