Qyoko Hacıyevski ermənilərə meydan oxudu: Sonadək döyüşəcəyik!
16.07.2009 - 16:58
Qyoko Hacıyevski ermənilərə meydan oxudu: Sonadək döyüşəcəyik!
“Sabahkı püşkatmanı səbirsizliklə gözləyirəm. Düzdür, üçüncü təsnifat mərhələsinə çıxacağımız dəqiqləşməyib. Hələ qarşıda “Ekranas”la cavab görüşü var. Bununla belə, səfərdəki nəticədən sonra mərhələ keçmək şansımız yüksəkdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Sabah UEFA-nın mənzil-qərargahında keçiriləcək üçüncü təsnifat mərhələsinin püşkatmasını kənardan izləyəcək Hacıyevski bildirib ki, potensial rəqibləri haqda məlumatı var: “Bilirəm ki, onlar arasında Yunanıstanın “Olimpiakos”, Çexiyanın “Slaviya”, İsveçrənin “Sürix” kimi güclü klublar var. Mən güclü rəqiblərdən çəkinmirəm. Əksinə, məhz belə komandalarla oyunlarda təcrübəni xeyli artırmaq olar. Ancaq təbii ki, bu, mərhələ keçmək şanslarını azaldır. Buna görə də çoxları kimi, mən də güclü komanda ilə görüşməyi arzulamazdım. Münasib rəqiblə düşəndə isə mərhələ keçmək şansı artır”.

“Bakı”nın potensial rəqibləri arasında “Dinamo” (Xorvatiya) – “Pünik” (Ermənistan) cütünün qalibi də var. İrəvanda keçirilən ilk görüşdə qolsuz heç-heçə edən ermənilər üçüncü təsnifat mərhələsinə çıxmaq şansını saxlayırlar: “Komandamız “Pünik”dən güclüdür. Lap düşsək belə, onlar məğlub etmək potensialındayıq. Ancaq hələ ki hadisələri qabaqlamayaq. Əvvəla, üçüncü təsnifat mərhələsinə çıxmağı rəsmiləşdirməliyik. “Ekranas”la Bakıdakı cavab görüşündə bunu həyata keçirmək üçün əlimizdən gələni edəcəyimizə söz verirəm. Hansı komanda ilə düşəcəyimizə sabah aydınlıq gələcək. Kim düşür-düşsün, sonadək döyüşəcəyik”.

Qeyd edək ki, “Pünik” indiyə kimi iki dəfə “Neftçi”yə rəqib olub. İrəvan təmsilçisi 2005 və 2006-cı illərdə Moskvada keçirilən “Birlik kuboku”nda əvvəlcə 1/4 finalda 0:2 uduzdu, sonradan isə yarımfinalda oyuna çıxmaqdan imtina etdiyi üçün texniki məğlubiyyət aldı.
0