Adamiya “Xəzər-Lənkəran”la danışıqlar apardığını təsdiqlədi
16.07.2009 - 19:06
Adamiya “Xəzər-Lənkəran”la danışıqlar apardığını təsdiqlədi
“Belçikanın “Lokeren” klubu mənimlə ciddi maraqlanırdı. Danışıb razılaşdıq və demək olar ki, hər şey qaydasında idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” komandasının hücumçusu Georgi Adamiya deyib.

Bir müddət Belçikada olan gürcüstanlı futbolçu transferinin baş tutmamasının səbəbini belə izah edib: “Belçikaya getdiyim vaxt “Bakı” Sloveniyaya toplanışa yollanmışdı. Klub rəhbərliyi, baş məşqçidən xahiş etdim ki, bir neçə günlük Belçikaya getməyimə icazə versinlər. Avropaya getmək istəyirdim və sağ olsunlar, onlar da məni başa düşdülər. Onu da dedim ki, geri dönsəm, komandama qayıdacağam. Elə də alındı ki, “Bakı”ya qayıdası oldum. Açığı, Belçikada müqavilə bağlamamışdım. Bu da baş verən bir xoşagəlməz məqamla bağlı oldu. Bir agentin hərəkətinə görə geri dönməyə məcbur oldum. Həmin şəxs müqavilənin maddi tərəfi ilə bağlı məni aldatmışdı”.

Adamiya mövsümlərarası fasilədə “Xəzər-Lənkəran”a keçmək istədiyini də etiraf edib. O, Cənub klubu ilə danışıqlar apardığını təsdiqləyib: “Mən hələ “Bakı”nın heyətində məşq edərkən, “Xəzər-Lənkəran”la müqavilə bağladığımı yazmağa başladılar. Həqiqətən də “Xəzər-Lənkəran”la danışıqlar aparırdım. Ancaq sonda qərara gəldim ki, “Bakı”da qalacağam. Niyə görə belə qərar verdiyimi isə açıqlaya bilmərəm”.

Gürcüstanlı legioner vurğulayıb ki, hazırda bütün diqqətini “Bakı”ya yönəldib: “Artıq Avropada oynamaq haqda düşünmürəm. İndi bütün diqqətimi “Bakı”nı yönəltmişəm və bu komanda ilə öncə Çempionlar Liqasında, daha sonra Premyer Liqada uğurla çıxış etmək istəyirəm”.
0