Qurban Qurbanov: Biz hələ yolun yarısını keçmişik...
17.07.2009 - 10:16
Qurban Qurbanov: Biz hələ yolun yarısını keçmişik...
“Biz hələ yolun yarısını keçmişik. Evdə də bizi çətin sınaq gözlədiyindən, hələ heç nə həll olunmayıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Dəfələrlə ölkə çempionu kimi Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Rusenborq” klubu ilə səfərdə qolsuz heç-heçə etməklə bütün Norveçə səs salan komandamızın 37 yaşlı çalışdırıcı bundan da yaxşı oyun gözləyir: “Futbolçulara göstərdikləri əzmkar oyuna görə minnətdaram. Düzdür, səhvlərimiz də olsa, bu, indiki dövr üçün xarakterikdir. Bundan əlavə, bizim bəzi yeni futbolçularımız var ki, onlara komandaya uyğunlaşmaq üçün hələ vaxt lazımdır. Müdafiədə yaxşı, mütəşəkkil oynayaraq, İversen, Priça kimi hücumçuların qarşısını almağı bacardıq”.

Qurbanov səfərdəki münasib nəticəyə baxmayaraq, iyulun 23-də Bakıda keçiriləcək cavab görüşündə arxayınlaşmağa əsas görmür: “Norveçdəki oyunumuz təhlil edib, bundan sonra cavab matçının hazırlığına başlayacağıq. “Rusenborq” təcrübəli komandadır, Avropa miqyaslı turnirlərdə çox oynayıb. Bakıda da bu rəqibdən sərt oyun gözləyirik”.
0