“Türkiyə Superkubokunu Bakıda keçirərik”
19.07.2009 - 00:41
“Türkiyə Superkubokunu Bakıda keçirərik”
TFF “Beşiktaş” - “Fənərbaxça” matçının Bakıda keçirilməsini istəyib

Türkiyə Futbol Federasiyasının baş katibi Lütfi Arıboğanın apasport.az saytına eksklüziv müsahibəsi

- Türkiyədə Superkubokun ölkədən kənarda keçirmək ənənəsi var. Ötən mövsüm bu matçın Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi gözlənilsə də, sonda baş vermədi. Bəs bu dəfə, yəni avqustun 2-də “Beşiktaş” və “Fənərbaxça” arasında görüşün Azərbaycanda keçirilməsi variantı var idimi?
- Həqiqətən də ötən il Superkubokun Bakıda keçirilməsi haqda ciddi düşündük. Amma həmin vaxt ölkənizin baş arenasında yenidənqurma işləri davam etdiyi üçün planımızı həyata keçirə bilmədik. Əslində, Superkubok oyunlarını ölkədə kənarda keçiririk. Ancaq bu mövsüm klublarımız avrokuboklara erkən başlayır. Buna görə də əlavə problemin ortaya çıxmaması üçün Superkuboku ölkə daxilində keçirməyi qərara aldıq. Bu zaman klublarımızın da istəyini nəzərə aldıq və görüşü Türkiyədə təşkil etdik. Gələn ildən etibarən Superkubok oyununun yenidən ölkə xaricində keçirməyi düşünürük. Bu şəhərlər arasında Bakı da olacaq.

- Bizdə olan məlumata görə, bir müddət əvvəl Respublika stadionunun vəziyyəti ilə tanış olmaq üçün Türkiyədən nümayəndələr gəlmişdi...
- Bəli, belə bir şey olub. Arenanızda yenidənqurma işləri bitmişdi. Ancaq deyəsən, qazonla bağlı problem yaranmışdı.

- Respublika stadionunda klublarımız bu ay avrokubok oyunları keçirib. Qazonla bağlı elə bir ciddi problem yoxdur...
- Yoxdursa, lap yaxşı. İnşallah, gələn il orada keçirərik. Buna söz vermirəm, ancaq variantlar arasında Bakını da dəyərləndirməyi düşünürük. Bu il üçün artıq qərarımızı vermişik. Avqustun 2-də İstanbulda Atatürk stadionunda yerli vaxtla saat 21:00-da “Beşiktaş” və “Fənərbaxça” klubları arasında Superkubok oyununu keçirəcəyik.

- Türkiyə və Azərbaycan milli komandaları ötən ayın 2-də Kayseridə yeni açılan stadionda yoldaşlıq görüşü keçirdi. Növbəti belə oyunun keçirilməsi planda varmı?
- Hazırda yoxdur. Ancaq bunu dəyərləndirə bilərik. Bu dəfə biz Bakıya gedərik. Ola bilər, Azərbaycanda başqa bir yerdə oyun keçirdik.

- Azərbaycan yığması qarşıdakı Finlandiya ilə sentyabrın 5-də rəsmi görüşünü Lənkəranda keçirəcək...
- Lənkəranda, bu, hansı arenadır?

- Lənkəran şəhərində mərkəzi stadion. “Xəzər-Lənkəran” klubunun arenasıdır. Çox gözəl infrastrukturu olan, müasir tələblərə cavab verən, 15 minlik azarkeş tutumuna malik stadiondur...
- Azərbaycana gələsi olsaq, orada da yoldaşlıq görüşü keçirə bilərik. Bizim üçün fərq etməz, Bakı, yaxud başqa yer. Azərbaycanda təklif edilən bir şəhərdə görüşə bilərik.

- Türkiyənin Bank Asiya I liqasında iki azərbaycanlı futbolçunun legioner sayılmaması, yerli oyunçu statusu daşıması ilə bağlı qərar vermisiniz. Superliqada isə belə limit var. “Kocaelispor”da çıxış edən milli komandamızın kapitanı Rəşad Sadıqov da legioner sayılır. Gələcəkdə Superliqada da futbolçularımıza güzəşt edilməsi mümkündürmü?
- Rəşad Sadıqovun Superliqada oynadığını bilirəm. Superliqada daha çox azərbaycanlı futbolçuların çıxış etməsini istərdik. Bank Asiya I liqasında belə sərbəstlik, iki futbolçunuzun yerli futbolçu kimi oynamasına icazə vermişik. Gələcəkdə Superliqada da belə praktika tətbiq edə bilərik. Ancaq bunun üçün ilk növbədə federasiyanız bizə bununla bağlı rəsmi müraciət etməlidir. AFFA bunu istəsə, biz də buna baxıb, güzəşt etməyiniz mümkündür. Biz qardaş ölkələr kimi çox yaxşı münasibətdəyik. Lazım olsa, azərbaycanlı futbolçu da Superliqada legioner sayılmaz. Ancaq bu, qarşıdakı mövsümdə mümkün deyil. Çünki artıq yeni mövsümün əsasnaməsi təsdiq edilib. Gələn il isə bunu reallaşdırmağı planlaşdırmaq mümkündür.

- Azərbaycan çempionatında xeyli türkiyəli futbolçu oynayır. Həmyerlilərinizə Azərbaycanda güzəştə gedilib, onların legioner sayılmamağını perspektivinə necə baxırsınız?
- Bu, ola bilər. İstərdik ki, bizim futbolçular Azərbaycanda legioner sayılmasın. Bütün bu məsələlərə AFFA ilə danışıqlardan sonra aydınlıq gələ bilər.
0