Futbol və cəmiyyət
22.07.2009 - 23:58
Futbol və cəmiyyət
Müasir dövrdə futbol deyiləndə, çoxları idmandan kənar məfhum haqqında düşünür. Hər kəsin dəstəklədiyi bir komanda var. Və təbii ki, onlar azarkeşi olduqları komandanın uğur qazanmasını istəyirlər. Hazırda futbol bir sənət, futbolçu isə peşəyə çevrilib. Əvvəllər sağlamlıq üçün yaradılan oyun necə oldu ki, belə bir vəziyyətə düşdü? Vaxtilə adi torpaq sahəsi olan ərazilər indi ən yüksək səviyyəli ot örtüyündən təşkil olunmuş futbol meydançalarıdır. Gəlin, vəziyyətin hansı səbəbdən belə dəyişdiyini birgə araşdıraq.

Futbol 1840-cı illərdə ingilislər tərəfindən peşəkar idman növünə çevrilməyə başladı. İlk futbol klubu isə “Şeffild”dir (1857-ci il). Tarixdə ilk futbol matçı İngiltərə və Şotlandiya yığmaları arasında olub. Oyun 4:4 hesabı ilə başa çatıb. O zamanlar start götürən və milli komandalarına azarkeşlik etməklə başlayan bu oyun sağlamlıq və idman müstəvisindən çıxaraq, bir dəstək məşğuliyyəti halını aldı. Daha sonra bu proseslər klublarda cərəyan edib. Kimisi doğma şəhərini təmsil edən klubu, kimisi çempion olan komandanı, kimisi də sırf gözəl futbol oyun göstərən kluba könlünü verib. Televiziya yarandıqdan sonra bəziləri öz şəhərlərinin komandalarını unudub, başqa ölkənin komandasına dəstək göstərməyə başlayıblar.

Bu isə o deməkdir ki, tərəfdar öz komandasını dəstəkləməklə, həmin kollektivin uğuru üçün əmək sərf edir. Futbol elə bir sahəyə çevrilib ki, hər bir kəs dəstəklədiyi klubun şərfini və ya formasını mağazadan alaraq, elə o komandanın büdcəsinə pul qazandırmış olur. Futbolçular da bunun sayəsində çörək pulu qazanırlar!

Cəmiyyətdə belə bir təsirə sahib olan futbol indi fərqli sahələrdə də nəzərə çarpır. Bu siyasətdir. Bəzi ölkələrdə futbolun çox təsirli qüvvə olduğunu görən siyasətçilər bundan bir vasitə kimi yararlanırlar. Məsələn, İtaliyanın sabiq nazirlərindən biri Franko ölkəni futbolla idarə etdiyini illər sonra etiraf edib. Keçmişdə Türkiyədə artımlar əsasən vacib futbol oyunlarından sonra açıqlanırdı. Çünki xalqın başı futbola qarışmışdı, belə şeylərin fərqinə varmırdılar. Yəni, futbolun cəmiyyətdə narkoz təsiri yaratdığı faktdır.

Futbol elə bir oyundur ki, onun uğrunda savaşların yarana biləcəyi kimi, savaşların bitməsi də mümkündür. Belə olan halda, insanları futbolla idarə etmək asan hala gəlib. Bunların hamısı bir kənara. Nə olursa-olsun, futbol (“ayaq oyunu”) həyatımızın bir parçasıdır. Doğma ölkəmizin milli komandasının oyunları olduğu gün bəziləri evdə televiziya ekranları qarşısına keçir. Elələri də var ki, bu qarşılaşmaya görə sevdikləri ilə bütün görüşləri təxirə salır, hər şeyi o gün oynanılacaq matça görə uyğunlaşdırırlar.

Sizcə, bu idman növünü belə dəyərli edən sirr nədir?

Rıdvan Nabikoğlu
0