Azərbaycanın iki çempionu rəsmən “Xəzər-Lənkəran”da
23.07.2009 - 17:43
Azərbaycanın iki çempionu rəsmən “Xəzər-Lənkəran”da
“Xəzər-Lənkəran” klubu daha iki futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, bu dəfə yerli oyunçular alan Lənkəran təmsilçisi Ramazan Abbasovla Rəşad Kərimovla anlaşıb. Milli komandamıza da cəlb olunan hər iki yarımmüdafiəçi vaxtilə ən perspektivli futbolçularımızdan sayılsalar da, son aylar kölgədə qalıblar.

23 yaşlı Rəşad elə hazırkı baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında “Xəzər-Lənkəran”da oynayıb. Bir dəfə “qızıl dubl” edən, iki dəfə kubok qazanan Kərimov 2007-ci ildə İmişlinin “MKT-Araz” klubu ilə final oyununda (1:0) sonradan meydana çıxaraq, qələbə topunu vurması ilə yadda qalıb. Ötən mövsüm “Karvan”da oynayan Rəşada “Muğan” klubu göz qoymuşdu.

Ramazan isə “Bakı” ilə iki dəfə çempionluq, bir dəfə kubok qazanıb. “Neftçi”də uğursuz mövsümdən sonra ötən yay “Bakı”ya qayıdan 26 yaşlı Abbasov heyətə düşə bilmədi. Mircavadov hələ “Neftçi”ni çalışdırdığı vaxtda ciddi maraqlandığı Ramazanın şans qazanacağı halda, əvvəlki səviyyəsinə qayıda biləcəyini hesab edir.

Rəşad Abdullayevin “Neftçi”yə keçidindən sonra “Xəzər-Lənkəran”a sağ cinah yarımmüdafiəçisi lazım idi və Ramazan da məhz bu mövqedə oynayır. 62 yaşlı mütəxəssisin fikrincə, Rəşad da kifayət qədər potensiala malikdir.

Qeyd edək ki, “Xəzər-Lənkəran” mövsümlərarası fasilədə “Olimpik-Şüvəlan”dan qapıçı Zabit Səfərovla yarımmüdafiəçi Nizami Hacıyevi, Belarusun BATE klubunda slovakiyalı müdafiəçi İvan Pexa və Moldovanın “Akademiya” klubundan bu ölkənin milli komandasının hücumçusu Denis Kalinkovu transfer edib.
0