“O da ki, azərbaycanlı kimi bir şeydi” - MÜSAHİBƏ
25.07.2009 - 18:42
“O da ki, azərbaycanlı kimi bir şeydi” - MÜSAHİBƏ
Tarixdə iz qoyan "Qarabağ" - "Rusenborq" matçı uzun müddət dillərdən düşməyəcək və həmişə fəxrlə xatırlanacaq. Ağdamı təmsil edən komandamız doğma yurdunun işğalı gününə təsadüf edən matçda 20 qat Norveç çempionuna diz çökdürdü. Bunda hücum xəttində yer alan Vüqar Nadirovun da payı var. Vüqar hələ Tronheymdə baş tutan görüşdə zədələnmişdi. Amma Bakıdakı oyunda da 90 dəqiqə forma geyindi. Zədəsini yeniləsə də, bunu hiss etdirmədi. İndi görək qarabağlı futbolçu tarixi qələbədən sonra özünü necə hiss edir.

- Bilirdik ki, çətin olacaq. Rəqibin gücünə bələd idik. Matçın məsuliyyətini də dərk edirdik. Oyundan öncə futbolçularımızın gözləri parıldayırdı. Hamımız uğura köklənmişdik. Yalnız bir legionerimiz var (Admir Teli). O da ki, azərbaycanlı kimi bir şeydi. Nə deyiriksə, hamısını başa düşür. Sözü bir yerə qoymuşduq: nə olur-olsun uduzmamalıyıq. Tanrının köməyi ilə qələbə qazandıq və Azərbaycan xalqını sevindirdik.

- Oyunun əvvəlində hesabı açmaq şansın oldu...
- Yadımdadır. Ötürmə bir az sürətli verilmişdi. Top mənə tərəf asta tempdə gəlsəydi, qolkiperi keçib vurardım. Yaxşı fürsət idi. Qapıçının əlinə toxunub sürüşdü. Həmin anda sürət yığdığımdan özümü saxlaya bilmədim.

- Azarkeşlər 90 dəqiqə həyəcan keçirdilər. Xüsusən də qonaqlar hər dəfə künc zərbəsi qaldıranda.
- Oyun kənardan baxanlara daha həyəcanlı görünür. Bunu şəxsi praktikama əsasən deyirəm. Amma futbolçu meydanda olanda o qədər də həyəcanlanmır. Rəqib çox kobud oyunla diqqət çəkdi. İlk matçda da belə idi. Norveç klubu texnikalı futbola yox, fiziki gücə əsaslanan üsluba güvənmişdi. Ayaqlarına düşən topu qapımıza tərəf ötürməyə çalışırdılar. Ön xətt oyunçuları isə həmin mövqedə mübarizədən qalib ayrılıb, qol vurmaq fikrində idi. Biz isə daha çox yerlə oynayırdıq. Öncədən qurulan plan belə idi. Çünki "Rusenborq"un heyəti ucaboy futbolçulardan qurulmuşdu. Ona görə də rəqibi yalnız qısa ötürmələrlə çaş-baş salıb, nəyəsə nail olmaq mümkün idi.

- Meydana çıxmamışdan matçın hansı hesabla bitəcəyini düşünürdünüz?
- Konkret hesab yox idi. Amma qələbə qazanacağımıza inanırdım.

- Baş məşqçi sizə necə göstəriş vermişdi?
- Demişdi ki, ilk 5 dəqiqədə rəqibin oyununu müşahidə edin. Hərəkətlərini diqqətlə izləyin. Görsəz ki, hər imkanda irəli atılırlar, cinahları bağlayıb təzyiqi artırın və qapılarına doğru sıxmağa çalışın.

- Sırf hücumçu mövqeyində oynadınız.
- Hə, səfər qarşılaşmasında da ön xətdə yer almışdım. Bakıda da baş məşqçimiz hücumda yer verdi. "Karvan"da keçirdiyim bir il ərzində sol cinah yarımmüdafiəçisi kimi mübarizə aparmışam. Düzü, bir az forvard duyğuları korşalıb. İndi yavaş-yavaş bu mövqedə artıracam. Əvvəlki hücumçu keyfiyyətlərimi geri qaytaracam.

- Hansı mövqe daha rahatdı? Özünü insayd kimi dəyərli sayırsan, yoxsa hücumçu?
- Fərqi yoxdu. Əsas odu ki, komandama xeyir verə bilim. Qapıdan başqa, hara qoysalar oynaya bilərəm. Seçim məşqçinindi.

- Ağdamın işğalı günündə çətin oyuna çıxan ağdamlı futbolçunun ürəyinə hansı duyğular hakim kəsilmişdi?
- İyulun 22-də atam şəhid oldu, 23-də isə Ağdamı ermənilər işğal etdi. Bu hadisələr beynimdə idi. Belə gündə hər bir azərbaycanlıya təskinlik verə biləcək qələbə üçün var gücümlə döyüşəcəyimə söz vermişdim. Təslim olmaq fikrini ağlımdan belə keçirmirdim. Şükürlər olsun ki, istəyimizə çatdıq. Oxumuşam ki, matçdan sonra "Rusenborq"un baş məşqçisi "Qarabağ"ı ömürlərinin sonuna kimi xatırlayacaqlarını deyir. Bunun özü də qürurvericidi.

- Rəşad Sadıqov fantastik zərbəylə hesabı açanda nə etdin?
- Sevincimdən nə edəcəyimi bilmədim. Matçdan sonra isə olanları düşünüb qəhərləndim.

- Azarkeş dəstəyi qane etdi?
- Atmosfer əla idi. Çox gözəl dəstək verirdilər. Sağ olsunlar. Oyunlara belə gəlsələr, qələbələr də olar. Yığmamızın keçirdiyi görüşlərdə tribunalar dolsa da, klub turnirlərində dünənki kimi (söhbət dünən olub - red.) azarkeş dəstəyi görməmişdim. "Rusenborq"un məğlub edilməsində tərəfdarlarımızın da köməyi oldu. Bizi 90 dəqiqə tək qoymadılar.

- İkinci yarıda qonaqlar daha aqressiv görünürdü.
- Belə olacağını bilirdik. İlk yarıda lazım olan qolu vurmuşduq. Vəziyyət rəqibə sərf etmirdi. Qonaqlar hücuma atılıb, qol vurmalı idi. Biz isə matçın qalan hissəsində müdafiədə etibarlı oynayıb, onları əks-hücumda yaxalamalı idik. İkinci yarıda gördüyünüz kimi, bir neçə təhlükəli əks-hücum reallaşdırdıq. Bundan başqa, topu daha çox özümüzdə saxlamağa çalışırdıq. Qarşılaşmanın sonuna doğru vaxtı "öldürmək" də lazım gəldi.

- "Qarabağ"ı növbəti mərhələdə Finlandiya "Honka"sı gözləyir...
- Bu komanda haqda dəqiq bilgim yoxdu. Yəqin ki, məşqçilərimiz təhlil etdikdən sonra bizə də məlumat veriləcək və matça hazırlaşacağıq. İlk oyunu səfərdə keçirəcəyimizi bilirəm. Çalışıb sərfəli nəticə ilə dönməliyik. Bunu bacarsaq, "doğma divarlar" arasında daha bir uğur qazana bilərik. Futbolçularımızda özünəinam formalaşıb, amma arxayınlaşmamışıq. Müasir futbolda zəif rəqib yoxdu. Hər qarşılaşmaya ciddi hazırlaşıb, uğur qazanmaq niyyətindəyik.

- Gərgin 90 dəqiqədən sonra yorğunluq var?
- Əlbəttə, amma müvəqqətidi. Tezliklə aradan qaldıracağıq. Fikrimcə, Finlandiya səfərinə qədər bu yöndə hər şey qaydasında olacaq.

- Yeri gəlmişkən, parlaq qələbənin ardından klub prezidenti Tahir Gözəl də çox sevincli idi. Bildiyimə görə, partaldəyişmə otağına gəlib və futbolçulara verdiyi pulları sidq ürəkdən halal edib. Mükafat haqda nə dedi?
- Mükafat verilməlidi. Amma nə qədər olduğunu deməyiblər. Pul heç də hər şey deyil. Biz komanda kimi bütün gücümüzü ortaya qoyduq. Sona qədər mübarizə aparıb, belə bir gündə xalqımızı ikinci dəfə kədərlənməyə qoymadıq. Hamımız eyni həvəslə oynadığımızdan heç kimə əlavə güc düşmürdü. Şadam ki, hər şey xoş sonluqla bitdi. Amma irəlidə bizi yenə də gərgin matç gözləyir. Çox ciddi hazırlaşmalıyıq.

Mənbə: “Futbol+” qəzeti
0