Luçeskunun lənəti
04.08.2009 - 12:38
Luçeskunun lənəti
Mirça Luçesku haqqında düşünəndə, həmişə ağlıma qədim bir rumın hekayəsi gəlir. Bu, məşhur qraf Drakula hekayəsidir. Hamımızın bildiyi vampir adam. O, öz lənətləri ilə məşhur idi. Təbii ki, indi söz açacağımız mövzu futbolla bağlıdır.

2000-ci ildə Türkiyəyə gəlmişdi. Rumıniya yığmasının Avropa çempionatının yarımfinalına çıxarmış, dünya futboluna Georgi Haci kimi ulduz bəxş etmişdi. O, işlədiyi ilk ildə “Qalatasaray”a Türkiyə çempionatının qızıl medalını qazandırdı. 2000-2001-ci illər idi. “Qalatasaray” o zaman UEFA Superkubokunu qazandı. Hansısa səbəbdən “Qalatasaray” rəhbərliyi bu baş məşqçi ilə yollarını ayırdı və dərhal “Beşiktaş” rəsmiləri komandanı ona tapşırdılar. Həmin il “Beşiktaş” 100 ilini qeyd edirdi. Bu komandaya da Türkiyədə ölkə çempionu titulunu qazandırdı. Yüksək səviyyəli oyun nümayiş etdirməsinə və uğurlara baxmayaraq, Luçesku “Beşiktaş”dan da ayrılmaq məcburiyyətində qaldı.

Bu dəfə onun yolu Ukraynaya idi. Donetsk “Şaxtyor”una gələr-gəlməz komandanı çempion edir. Ancaq onun vaxtilə Türkiyədə çalışdırdığı klublar – “Qalatasaray” və “Beşiktaş” istər maddi, istərsə də mənəvi baxımdan eniş dövrü yaşamağa başladı. “Qalatasaray” maddi cəhətdən elə zəiflədi ki, borcdan qurtulmaq üçün ən yaxşı futbolçularını satırdı. Luşeskudan sonra “Beşiktaş”a isə 5 baş məşqçi gətirildi. Hətta onların arasında dünyada məşhur olan Visente Del Boske də var idi. Lakin nə sirr idisə, bu məşqçilər Luçeskunun qazandığı uğura heç yaxın da düşə bilmirdilər. Müxtəlif turnirlərdəki uğursuzluqların ardından “Beşiktaş” rəhbərliyi “Luseşkunu qaytarırıq”, “anlaşdıq”, “gələcək” kimi açıqlamalar versə də, bu olmadı. Luşesku öz yetirmələri ilə mükəmməl ünsiyyət quran təcrübəli məşqçi idi.

2009-cu il 20 may. “Şaxtyor”un Almaniyanın “Verder” klubu üzərində 2:1 hesablı qələbəsinə heç kim inanmırdı. Ancaq bu oldu. Luçesku bir o qədər də tanınmayan futbolçulardan təşkil etdiyi komanda ilə UEFA kubokunu qazandı. Artıq bütün dünya bu mütəxəssisi tanıyırdı. Luçesku uğurlu olduqca, Türkiyədə çalışdırdığı klublar uğursuzluğa düçar olurdu. Məncə, bunda bir hikmət var. Luçeskunu işindən uzaqlaşdırmaq klubların özlərinə baha başa gəldi. Bu günlərdə Luşeskunun Türkiyə milli komandasının baş məşqçisi ilə olacağı barədə xəbərlər yayılıb. İnşallah, uğurlu olar. Bu, rumıniyalı məşqçiyə çox yaraşır. Ancaq onu milli komandadan qovmayın ha. Çünki işin sonunu düşünə bilmirəm...

Rıdvan Nabikoğlu
0