“Bakı”nı qrup mərhələsindən 90 dəqiqə ayırır
04.08.2009 - 13:18
“Bakı”nı qrup mərhələsindən 90 dəqiqə ayırır
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları start götürür. Apasport.az saytının məlumatına görə, ikiqat Azərbaycan çempionu “Bakı” qüvvəsini sabah sınayacaq. Səfərdə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq təmsilçimiz tarixi uğura çox yaxındır.

Məsələ burasındadır ki, bakılılar avrokubokların qrup mərhələsinə çıxan ilk Azərbaycan klubu kimi tarixə düşə bilər. Bu uğura 90 (bəlkə də 120) dəqiqəsi çatmayan təmsilçimiz “Levski” səddini adlamaqla, qrup mərhələsinə vəsiqə qazanacaq. “Bakı”nın Çempionlar Liqasının dördüncü təsnifat mərhələsində uduzsa belə, birbaşa Avroliqanın qrupuna düşəcək.

Bakıdakı qolsuz heç-heçədən sonra Sofiya səddini adlamaq çətin görünsə də, mümkünsüz deyil. Futbolçularımız 3 illik uğurlu seriyanın davamı etdirməklə, buna nail ola bilər. Ardıcıl 6 oyundur avrokuboklarda uduzmamaqla Azərbaycan rekordunun müəllifi olan “Bakı” ilk matçla müqayisədə güclənib. “Levski” ilə ilk qarşılaşmanı cəza üzündən buraxan Xalidu Sissoko və Bəxtiyar Soltanovun heyətə qayıdışı təmsilçimizin xeyrinədir. Hazırda cəzalı futbolçusu olmayan bakılıların heyətində kifayət qədər oyunçu var ki, əvvəlki qarşılaşmalarda xəbərdarlıq alıb. Amma onların ehtiyatlı davranmasına o qədər də ehtiyac yoxdur. Çünki ortada qrupa düşmək məsələsi var. “Levski”ni keçib tarix yazdıqdan sonra bir oyun buraxmaq da olar...

Qeyd edək ki, “Bakı”nın futbolçularından Georgi Adamiya, Amiran Muciri, Rafael Barbosa, Stefan Bates, Feliks Felipe Almeyda və Aleksandr Şoliçin bir sarı vərəqəsi var.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi, cavab oyunu

“Levski” (Sofiya, Bolqarıstan) – “Bakı” (Azərbaycan)
İlk oyun – 0:0
Hakimlər: Stefan Yohannesson, Stefan Vittberq, Maqnus syoblom, Ake Andreasson (Hamısı İsveç)
Hakim-inspektor: Jan Mari Filips (Belçika)
UEFA nümayəndəsi: Alan Snoddi (Şimali İrlandiya)
5 avqust. Sofiya. Georgi Asparuxov adına stadion. Saat 22:30
0