Ronaldo evini Adebayora satdı
04.08.2009 - 14:50
Ronaldo evini Adebayora satdı
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo özünü alverçi qismində sınayıb. Apasport.az saytının məlumatına görə, bu yay İngiltərənin “Mançester Yunayted” klubundan İspaniya “Real”ına keçən 24 yaşlı yarımmüdafiəçi Böyük Britaniyadakı evini bir dəfəlik satmaq qərarına gəlib.

Onun evinin müştərisi isə Mançesterə yeni köçən Emanuel Adebayor olub. “Arsenal”ı “Mançester Siti”yə dəyişən Emanuel evə görə portuqaliyalıya 5,5 milyon funt-sterlinq ödəyib. Adebayor komanda yoldaşları Kolo Ture, Qaret Barri və Karlos Tevesin, həmçinin “Mançester Yunayted”in yeni oyunçusu Antonio Valensiyanın da almaq arzusunda olduğu imarətə sahib çıxıb.

Kriştianu Ronaldo bu alqı-satqıdan yaxşıca qazanıb. O, Mançesterin 12 kilometrliyindəki Elderli Ec ərazisindəki evi 2008-ci ilin fevralında 3,85 milyon funt-sterlinqə almışdı. yarımmüdafiəçi bu alış-verişdən 1,65 milyon funt-sterlinq (1,94 milyon avro) qabağa düşüb. Bu evin 7 yataq otağı, evin içində hovuzu, gimnastika zalı və kiçik kinozalı var.

Ulduz futbolçu artıq Madriddə yeni ev alıb. “Real”ın kapitanı Raulun qonşuluğunda aldığı ev üçün Ronaldo 9,4 milyon avro ödəyib.
0