“Başımdan zədə aldığım üçün cavab görüşünə xüsusi köklənmişəm” - MÜSAHİBƏ
04.08.2009 - 15:21
“Başımdan zədə aldığım üçün cavab görüşünə xüsusi köklənmişəm” - MÜSAHİBƏ
“Bakı” klubunun braziliyalı hücumçusu Feliks Felipe Almeydanın apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- “Levski” ilə ilk oyundakı ağır zədədən sonra özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam. Sabah meydana çıxıb, komandama kömək etməyə hazıram. “Bakı”nın uğurlu çıxışına yardım etməyimdə ciddi problem yoxdur.

- Bakıdakı oyunda aldığınız zədə çox ciddi oldu. Bu, “Levski” ilə cavab görüşündə təsirini göstərə bilərmi?
- Həmin zədədən sonra başımda bir qədər ağrılar qalıb. Ancaq bu da normaldır. Hər halda, olduqca ciddi zədə almışdım.

- Bolqarların belə kobud oyunundan sonra qisas almağa motivasiyanız artıbmı?
- Əlbəttə! Başımdan zədə aldığım üçün “Levski” ilə cavab görüşünə xüsusi köklənmişəm. Onların mənə qarşı hərəkəti məni daha istəkli olmağa sövq edir. Üstəlik ilk oyundan sonra hesab açılmayıb. Yəni mübarizə hələ qabaqdadır. Bizim mərhələ keçmək şanslarımız az deyil. Məhsuldar heç-heçə ilə də mərhələ keçmək istəyimizə nail ola bilərik. Buna bütün komanda ilə çalışacağıq. Bir də ki, biz Çempionlar Liqasında çıxış edirik. Avropanın belə nüfuzlu turnirində necə motivasiyasız oynayasan?!

- İlk mərhələdə, “Ekranas”la oyunlarda 3 qol vurdunuz. Bu mərhələdə də eyni nəticəni təkrarlaya biləcəksinizmi?
- Buna hələ baxarıq. Qol vurub-vurmayacağımızı zaman göstərəcək. Ən vacibi mənim fərqlənməyim yox, komandamın qələbə qazanmasıdır. Fərq etməz, qolu Feliks vurdu və ya bir başqa oyunçumuz. Əsas istəyimiz “Levski” səddini keçməkdir. Qol vurmasam da, komandamın nəticə qazanması üçün əlimdən gələni edəcəyəm.

- Sizcə, Çempionlar Liqasının 4-cü təsnifat mərhələsinə də keçə biləcəyikmi?
- Bunu indidən dəqiq deyə bilmərəm. Hər şeyə sabahkı oyun aydınlıq gətirəcək.
0