“Bakı” Sofiyada 1 saat gəzdi
04.08.2009 - 17:40
“Bakı” Sofiyada 1 saat gəzdi
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Bakı” artıq ikinci gündür Sofiyadadır. “Levski” ilə cavab matçına hazırlaşan “zolaqlılar” bu gün hazırlıq proqramına gəzinti ilə başlayıblar. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, gəzinti zamanı bakılılar “Levski”nin barışmaz rəqibi Sofiya MOİK-in idman bazasına gediblər.

Orada “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski ilə görüşən yaşlı azarkeşlər ona isti münasibət göstərib, “Levski” ilə oyunda uğurlar arzulayıblar. Təxminən bir saat davam edən gəzintidən sonra Hacıyevski komandanı otelə qaytarıb. Azərbaycanlı jurnalistlər ona yaxınlaşıb müsahibə götürmək istəklərini bildirsələr də, makedoniyalı mütəxəssis bunu bu gün keçiriləcək axırıncı məşqdən sonraya saxlamağı məqsədəuyğun sayıb.

“Bakı”nın otelə qayıtdığını görən media nümayəndələri fürsətdən istifadə edib, MOİK-in bazasında bir müddət də gəzib-dolaşıblar. Onlar klubun İdman Kompleksini dolaşarkən, Şöhrət muzeyinə də gediblər. Müxtəlif illərdə qazanılmış kubok və fəxri mükafatların toplandığı muzeyin direktoru Aleksandr Manov azərbaycanlı yazarları yaxşı qarşılayıb. Bu da səbəbsiz deyil. Uzun illər MOİK-in mətbuat xidmətinin rəhbəri işləmiş Manov Hacıyevskini çox gözəl tanıyır: “O, yaxın dostumdur. Hacıyevski olduqca savadlı mütəxəssisdir”.

Muzey direktoru sabah keçiriləcək “Levski” - “Bakı” oyunu barədə də fikirlərini söyləyib: “Əlbəttə, “Levski” zəif komanda deyil. Amma məsələnin digər tərəfi də var. Uzun illər Bolqarıstanda çalışmış məşqçiniz “Levski”ni 5 barmağı kimi tanıyır. Əminəm ki, sabah mərhələni “Bakı” keçəcək!”

Qeyd edək ki, futbolçu Xristo Stoiçkov, ağırlıqqaldıran Xəlil Mutlu kimi tanınmış idmançılar vaxtilə MOİK-in üzvü olublar. Stoiçkovun 2003-cü ildə çəkilmiş portreti indiyədək muzeydə saxlanılır.
0