Ratko Dostaniç: Mən arxaya yox, yalnız irəli baxıram
04.08.2009 - 19:50
Ratko Dostaniç: Mən arxaya yox, yalnız irəli baxıram
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Ratko Dostaniç bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında azərbaycanlı jurnalistlərin sayı bolqar həmkarlarında çox olması xüsusi diqqəti cəlb edirdi. Yerli vaxtla saat 17.00-a təyin edilən konfransa yubanan Dostaniçi əlavə olaraq, 5 dəqiqə gözləməli olduq.

Daha sonra media nümayəndələrini salamlayan mütəxəssis sualları cavablandırmağa başladı.

Tasevskinin son durumu barədə məlumat verərdiniz.
O, zədəli idi. Ancaq indi yaxşılaşmağa doğru gedir. Bu, son 2 gündə müşahidə olunur. Məhz həmin günlərdə Tasevski kollektiv məşqlərdə iştirak edib. Ümid edirik ki, sabah meydana çıxacaq.

Bəs Milanovla Qadjevin vəziyyəti necədir?
Milanov demək olar ki, tam sağalıb. Qadjevə gəlincə, onun vəziyyəti daha ağırdır.

Qadjevi kim əvəz edəcək?
Komandamızda yetərincə səviyyəli futbolçumuz var və ümid edirik ki, onu layiqincə əvəz edən oyunçumuz sabah meydanda olacaq.

“Bakı”yla oyuna start heyəti müəyyənləşdirmisinizmi?
Bəli, amma bunu indi açıqlamaq istəmirəm.

Rəqib barədə hansı fikirdəsiniz?
“Bakı” ilk oyunda olduqca yaxşı təsir bağışladı və hamı gördü ki, səviyyəli rəqibdir. Amma “Levski” də öz şanslarını qoruyur. Biz azarkeşlərimizə böyük ümid bəsləyirik. Onlar bizi ötən şənbə “Liteks”lə Superkubok oyununda hətta 9 nəfər qaldıqda da dəstəklərini bizdən əsirgəmədilər.

İlk oyunda hakimlik olduqca bərbad oldu. Siz cavab görüşündə də hakim köməyinə ehtiyac duyursunuz?
Biz məşqçiyik və hakimliyi müzakirə etmək istəmirik. Bu klubumuzun siyasətidir. Əsas meydandakı işimizin öhdəsindən gəlməkdir.

Azarkeşlər daim “Levski” irəli” hayqırtısı ilə komandanı hücuma səsləyir...
Bəli, bu, bizi məmnun edir və ümid edirik ki, azarkeşlərimiz sabah da 12-ci oyunçumuz olacaqlar.

Əgər matç əlavə vaxta uzansa, 120 dəqiqəyə tab gətirə biləcəksinizmi?
Başqa yolumuz yoxdu və deməli, 120 dəqiqə mübarizə aparacağıq.

İlk dəqiqələrdən hücuma atılacaqsınız?
Bizim oyun üslubu qələbəyə hesablanıb və deməli, hücum futboluna üstünlük verəcəyik.

Joarzinyonu sabah meydanda görə biləcəyikmi?
Ona da ümid edirik. Heyətdə 25 oyunçumuz var və hər birinə bel bağlayırıq.

Məğlub olsanız, gələcək taleyinizə təsir göstərə bilərmi?
Biz bir oyuna görə siyasətimizi dəyişməyəcəyik. Mənə prezident inandığını söyləyib və qarşıma hər oyuna qələbə qazanmaq vəzifəsi qoyub.

Bakıya arxayın gəlmişdiniz. Bəs ilk oyundan sonra necə, fikriniz dəyişməyib?
Xeyr, Azərbaycana arxayın gəlməmişdik. Əvvəlcədən məlumatımız var idi ki, yaxşı komandanız var və bəri başdan ağır oyunumuz olacağını bilirdik. Eyniylə sabah da bilirik ki, çox qarşılaşma ağır keçəcək.

Tərəflərin şanslarını necə dəyərləndirirsiniz?
Evdə oynadığımıza görə, cüzi üstünlüyümüz var.

Penalti vuracaq siyahını artıq tərtib etmisinizmi?
Hər bir məşqçi kimi, mən də bu siyahını tərtib etmişəm. Amma ümid edirəm ki, buna çatmayacaq.

Oyun öncəsi gərginlik hiss olunurmu?
Bu oyunun məsuliyyətini dərk edirik. Çünki qələbə bizi ən azı Avropa Liqasının qrup mərhələsinə çıxaracaq. Yetirmələrim bu klubun formasını daşımağa layiq olduqlarını sübuta yetirməlidirlər. Superkubokdakı qələbəmiz yetirmələrimə əlavə psixoloji ruh verdi.

Hacıyevskidən sürpriz gözləyirsinizmi?
Komandanızı yaxşı təhlil etmişik və buna baxmayaraq, Hacıyevskinin bizə sürpriz yaradacığını istisna etmirəm. Amma sabahkı oyun ilk görüşlə müqayisədə, öz oyunçularımı daha yaxşı tanımağım və bütün Bolqarıstanın bizə azarkeşlik etməsiylə fərqlənəcək.

Son iki mövsümdə Levski Avropada uğursuz çıxış etdi...
Mən arxaya dönmək istəmirəm və yalnız irəli baxıram.

Deyirsiniz ki, bütün Bolqarıstan sizə azarkeşlik edəcək. Amma Sofiya MOİK-i bizi dəstəkləyəcək.
Buna sabah baxarıq.
0